Aİ və Fars körfəzi ölkələri İrana qarşı səyləri birləşdirməklə bağlı razılığa gəlib
Dünya
137
20:27, Bu gün

Aİ və Fars körfəzi ölkələri İrana qarşı səyləri birləşdirməklə bağlı razılığa gəlib

Fars körfəzi və Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri İrana qarşı mübarizə və regionda uzunmüddətli sabitliyin təmin edilməsi üçün birgə diplomatik səylərin göstərilməsi ilə bağlı razılığa gəliblər.

Moderator.az-ın məlumatına görə, bu, Yaxın Şərqdəki son hadisələrlə bağlı videokonfrans formatında keçirilən təcili iclasın yekunları üzrə nazirlərin Birgə bəyanatında qeyd olunub.

"Tərəflər səylərini İranın regionda və Avropada sabitliyi pozan fəaliyyətdən çəkinməsinə, nəticə etibarilə İran xalqının öz gələcəyini müəyyən etməsinə imkan yaratmasına yönəldəcəklər", – sənəddə bildirilib.

Nazirlər İranın region ölkələrinin ərazilərinə əsassız hücumlarını qətiyyətlə pisləyərək bunun dünya iqtisadiyyatına və qlobal təhlükəsizliyə təhdid olduğunu bildiriblər. Tehran hücumları dərhal dayandırmağa çağırılıb. Bununla yanaşı, ölkələr BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq İranın hücumlardan fərdi və kollektiv müdafiə hüququnu özlərində saxlayıb.

Bəyanatda qeyd edilir ki, tərəflər dəfələrlə İranı nüvə və ballistik raket proqramlarını məhdudlaşdırmağa, regionda və Avropada sabitliyi pozan hərəkətlərdən çəkinməyə və öz xalqına qarşı zorakılığa son qoymağa çağırıblar.

İranın körfəz ölkələrindəki mülki infrastruktura, o cümlədən neft obyektlərinə və yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində dəymiş ziyan da müzakirə edilib. Tərəflər böhranın həlli vasitəsi kimi dialoqa və diplomatiyaya sadiq olduqlarını vurğulayıblar.

Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası tərəfdən görüşə Bəhreynin xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani, Avropa tərəfindən isə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının vitse-prezidenti Dubravka Şuitsa rəhbərlik edib.

Link kopyalandı!
Son xəbərlər