Dünya
410
18:27, Bu gün

"Trampın müharibəsi yeni mərhələnin müjdəçisidir" - "The Wall Street Journal"

"İranla qarşıdurma həm daxili siyasətə, həm də qlobal güc balansına təsir edə bilər..."

Donald Trampın İrana qarşı başladığı hərbi kampaniya təkcə Yaxın Şərqdəki qarşıdurma deyil. Bu, ABŞ-ın güc nümayişi, daxili siyasi mübarizənin elementi və qlobal rəqiblərə ünvanlanan mesajdır. 

Moderator.az xəbər verir ki, bu barədə "wsj.com" nəşri yazıb.

Müharibənin motivləri

Nəşrə görə, demokratlar Konqresə nəzarəti bərpa edərsə, bu addımlar impiçment prosesini sürətləndirə bilər. Məqalədə qeyd olunur ki, Tramp qərarlarında ənənəvi prosedurlardan çox şəxsi instinktinə güvənir. Bu, əvvəlki administrasiyaların yanaşmasından fərqlənir. 

Məsələn, 2003-cü ildə Corc Buş administrasiyasının İraq müharibəsi arxasında uzunmüddətli strategiya dayanırdı və o dövrdə Madlen Olbrayt kimi siyasətçilər Səddam Hüseynin hakimiyyətini ABŞ maraqlarına maneə sayırdılar.

Trampın siyasətində isə şəxsi ambisiyalar - Nobel mükafatı arzusu və 2020-ci il seçkiləri ilə bağlı "oğurluq" iddiaları mühüm yer tutur. Müəllif hesab edir ki, onun əsas motivlərindən biri demokratların Nümayəndələr Palatasına nəzarəti qaytarması halında impiçment riskidir. Digər motiv isə əvvəlki prezidentlərin İran məsələsində uğursuz saydığı problemləri öz dövründə həll etmək istəyidir.

Güc nümayişi və qlobal mesaj

Məqaləyə görə, Tramp əvvəlki müharibələri uzunluğuna görə deyil, iqtisadi baxımdan səmərəsiz olduğuna görə tənqid edirdi. O düşünür ki, ABŞ enerji maraqlarını yetərincə qorumayıb. Bu baxımdan Yaxın Şərq onun üçün hələ də strateji əhəmiyyət daşıyır.

İrana qarşı kampaniya bir növ "nümayiş layihəsi" kimi təqdim olunur: Vaşinqton göstərmək istəyir ki, razılaşmayan liderlər birbaşa hədəfə çevrilə bilər. İyun əməliyyatları və "Midnight Hammer" zərbələri bu strategiyanın kulminasiyası sayılır.

Nəşr hesab edir ki, mesaj təkcə Tehrana deyil, həm də Vladimir Putin və Si Tszinpinə ünvanlanıb. Xüsusilə Çin kontekstində Vaşinqtonun Tayvan ətrafında mümkün böhran zamanı birbaşa Pekin rəhbərliyinin sabitliyini hədəfə ala biləcəyi mesajı verilir.

İmpiçment kölgəsi

Demokratlar bu kampaniyanı "seçilmiş müharibə" adlandırır və onu qanunsuz sayırlar. Müəllifin fikrincə, Tramp hətta bu ittihamların gələcək impiçment prosesinə daxil edilməsindən siyasi divident qazana bilər.

Bununla belə, əsas sınağın təkcə Tramp üçün deyil, onun rəqibləri üçün də olacağı vurğulanır. Çünki hətta zəruri hesab edilən qərarlar belə ABŞ-ın konstitusion balansını sarsıda və ölkəni yeni siyasi mərhələyə sürükləyə bilər.

Link kopyalandı!
Son xəbərlər