Dünya
306
21:47, Bu gün

"İran yalnız başlanğıcdır: Yaxın Şərq həlledici müharibəyə hazırlaşır" - "The American Conservative"

"Yaxın Şərqdə növbəti böyük qarşıdurma Türkiyə ilə İsrail arasında ola bilər..."

ABŞ-İran qarşıdurması regionda son deyil, əksinə daha böyük geosiyasi prosesin başlanğıcıdır. 

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "The American Conservative" nəşri yazıb.

Bir güc zəifləyəndə digəri irəli çıxır

Nəşr yazır ki, Tehran zəiflədikdən sonra Yaxın Şərqdə qüvvələr balansı pozulacaq və bu boşluq yeni hegemonluq mübarizəsinə yol açacaq. Bu dəfə qarşıdurmanın mərkəzində isə Israil ilə Turkiyə dayanacaq. 

Məqalədə tarixi paralellər aparılaraq göstərilir ki, böyük dövlətlərin müharibəyə qoşulması çox vaxt emosional deyil, güc balansı məntiqi ilə izah olunur. İkinci Dünya müharibəsi ərəfəsində Böyük Britaniyanın qərarları da məhz Avropadakı tarazlığın qorunması ilə bağlı idi. Eyni məntiq bu gün Yaxın Şərqdə işləyə bilər.

Müəllif hesab edir ki, İranın zəifləməsi regionda sabitlik yaratmayacaq. Əksinə, Tehran balanslaşdırıcı amil kimi sıradan çıxarsa, İsrail qarşısında yeni əsas rəqib kimi Ankara qalacaq. İsrailin sabiq baş naziri Naftali Bennett artıq açıq şəkildə bildirib ki, Təl-Əviv həm Tehrandan, həm də Ankaradan gələn riskləri eyni vaxtda nəzərə almalıdır.

Keçmiş müdafiə naziri Yoav Qallant isə Türkiyənin artıq periferik oyunçu deyil, mərkəzi güc kimi davrandığını vurğulayıb. Ankara Suriyanın şimalında hərbi mövcudluğunu saxlayır, keçid hökumətinə dəstək verir və regional proseslərdə aktiv rol oynayır. Bu isə İsraildə strateji narahatlıq yaradır.

İranın cavabı və riskli eskalasiya

Təhlildə qeyd olunur ki, Tehran üçün ən məntiqli taktika münaqişəni genişləndirmək və uzatmaq ola bilər. Bu, həm daxildə birləşdirici effekt yaradar, həm də qlobal enerji bazarını silkələyərək Qərbdə müharibə əleyhinə əhval-ruhiyyəni gücləndirə bilər.

Lakin hazırkı qarşıdurma əvvəlkilərdən daha təhlükəlidir. İran elitası prosesləri adi təzyiq kimi deyil, rejimin məhv edilməsinə yönəlmiş addım kimi qiymətləndirir. Ali lider Əli Xamenei ətrafında səslənən ritorika bunu daha da kəskinləşdirir. Hakimiyyət ekzistensial təhlükə hiss etdikdə isə təmkin azalır və maksimum cavab ehtimalı artır.

ABŞ hava və dəniz üstünlüyünə malik olsa da, aydın siyasi məqsəd olmadan aparılan bombardman kampaniyaları strateji nəticə verməyə bilər. Artıq ABŞ itkilərinin olması daxili siyasi risklər də yaradır. Bu xüsusilə vitse-prezident Cey Di Vens üçün həssas məsələ hesab olunur.

Ankara ilə açıq rəqabət

Məqalənin əsas nəticəsi budur: İran zəifləsə belə, region sakitləşməyəcək. Əksinə, hegemonluq uğrunda yeni spiral başlayacaq. Müəllif ehtimal edir ki, yaxın illərdə Türkiyəyə qarşı koordinasiyalı siyasi və informasiya təzyiqi arta bilər və prezident Rəcəb Tayyip Ərdoğan Yaxın Şərqdə əsas təhlükə kimi təqdim olunmağa başlana bilər.

Yazıda vurğulanır ki, İranla müharibə Amerikanın seçimi olub və birbaşa təcili təhlükə olmayıb. Müxtəlif əsaslandırmalar səsləndirilsə də, Vaşinqtonun qərarına İsrail amilinin ciddi təsir göstərdiyi iddia olunur. Bu barədə Dövlət katibi Marko Rubio qapalı brifinqlərdə məlumat verib.

Nəticə etibarilə, müəllifə görə, İranın zəifləməsi son deyil. Bu, Yaxın Şərqdə yeni güc bölgüsünün və mümkün İsrail-Türkiyə qarşıdurmasının başlanğıcı ola bilər. Region isə həlledici mərhələyə doğru sürətlə irəliləyir.

Link kopyalandı!
Son xəbərlər