Dünya
253
19:10, Bu gün

"Bu, yalnız başlanğıcdır" - Pentaqon əməliyyatın yeni mərhələsini elan etdi - VİDEO

"ABŞ İran ərazisinin daha dərin və strateji nöqtələrinə zərbələr endirməyə başlayır".

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Hərb Nazirliyinin (Pentaqon) rəsmi saytında məlumat yayılıb.

ABŞ-nin hərb naziri Pit Heqset bildirib ki, yeni ABŞ hərbi qüvvələri Yaxın Şərqə çatır və İrana qarşı əməliyyat lazım olduğu müddət ərzində davam edəcək.

Onun sözlərinə görə, ABŞ və İsrail Hərbi Hava Qüvvələri bir həftə ərzində İranın hava məkanı üzərində tam üstünlük əldə edəcəklər.

"İrana qarşı əməliyyatın son bir neçə günü yalnız başlanğıcdır", - deyə Heqset qeyd edib.

Hərb naziri ABŞ-nin əlində olan aviabomba ehtiyatlarının faktiki olaraq limitsiz olduğunu da vurğulayıb.

O əlavə edib ki, İran Hərbi Dəniz Qüvvələrinə məxsus əsas hərbi gəmilərdən biri Fars körfəzində ABŞ sualtı qayığı tərəfindən torpedo ilə batırılıb.

"Dünən Hind okeanında ABŞ sualtı qayığı beynəlxalq sularda təhlükəsiz vəziyyətdə olduğunu düşünən İran hərbi gəmisini batırıb. O, torpedo ilə vurulub. Bu, İkinci Dünya müharibəsindən bəri düşmən gəmisinin torpedo ilə batırılması ilə bağlı ilk hadisədir", - deyə o bildirib.

Pentaqon rəsmisi həmçinin qeyd edib ki, İrana qarşı həyata keçirilən əməliyyatla əlaqədar NATO-nun kollektiv müdafiə prinsipindən istifadə etmək planlaşdırılmır.

ABŞ İrana qarşı əməliyyat zamanı süni intellekt texnologiyalarına əsaslanan silahlardan fəal şəkildə istifadə edir.

Pit Heqset həmçinin bildirib ki, ABŞ İrana zərbələrdən əvvəl Tehranın mövcud silahlarının əhatə dairəsinə düşən bazalarından hərbi personalının 90 faizini çıxarıb.

"Düşmən artıq əvvəlki sayda raket buraxa bilməyəcək. Beləliklə, bizim hava hücumundan müdafiə sistemimiz və müttəfiqlərimizin analoji sistemləri kifayət qədər imkanlara malikdir. Biz bu mübarizəni ehtiyac duyduğumuz müddət ərzində asanlıqla davam etdirə bilərik", - deyə o qeyd edib.

Heqsetin qiymətləndirməsinə görə, hərbi əməliyyatların ilk günündən bəri İran tərəfindən buraxılan ballistik raketlərin sayı 86 faiz azalıb. Üstəlik, yalnız son 24 saat ərzində bu göstəricidə 23 faiz azalma müşahidə olunub. İranın buraxdığı kamikadze-dronların sayı isə 73 faiz azalıb.

Link kopyalandı!
Son xəbərlər