Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səması uçuşlar üçün tamamilə qapadılmayıb, hazırkı vaxtda yerli aeroportlardan uçan və oraya enən təyyarələr üçün müəyyən hava dəhlizləri fəaliyyət göstərir.
Moderator.az-ın məlumatına görə, bu barədə TASS agentliyinə bölgədəki mənbə informasiya verib.
Bundan öncə Domodedovo hava limanı tərəfindən yayılan məlumatda bildirilmişdi ki, "Emirates Airlines" aviaşirkəti "regiondakı hava məkanının bağlanması səbəbindən" Moskva vaxtı ilə 5 mart saat 00:59-dək (Bakı vaxtı ilə 5 mart saat 01:59 - red.) Dubay istiqamətində və əksinə bütün reysləri təxirə salıb.
Məlumata görə BƏƏ-nin hava sahəsi yalnız qismən məhdudlaşdırılıb və uçuşların həyata keçirilməsi üçün bir neçə dəhliz ayrılıb. Bu da hava gəmilərinin, o cümlədən sərnişin təyyarələrinin aeroportlara enişinə və oradan qalxmasına şərait yaradır.
Qeyd olunub ki, təyin edilmiş marşrutlar Yaxın Şərqdəki hadisələrə görə qapadılmayan qonşu Oman və Səudiyyə Ərəbistanının hava məkanına istiqamətlənir. Mənbə onu da xatırladıb ki, BƏƏ səmasının uçuşlar üçün qismən bağlanması rejimi martın 7-i şənbə gününə, qədər qüvvədə qalacaq.