Dünya
305
18:55, Bu gün

"Xameneinin ölümü ilk addımdır, amma "tam qələbə" hələ uzaqdadır" - "Vesty"

"Tehran sistemi mürəkkəbdir; ABŞ və İsrail əməliyyatı isə genişlənə bilər..."

İranda ali dini lider Ali Xameneinin aradan götürülməsi ölkə daxilində və regionda ciddi rezonans doğurub. Lakin ekspertlər bildirir ki, bu hadisə hakimiyyət dəyişikliyinə aparan yolun yalnız ilk mərhələsidir və rejimin avtomatik süqutu demək deyil.

Moderator.az xəbər verir ki, bu barədə İsrailin "Vesty" nəşri yazıb.

Mürəkkəb sistem və SEPAH amili

Nəşr xatırladır ki, İranın siyasi sistemi 1979-cu il inqilabından sonra paralel institutlar üzərində qurulub. Bir tərəfdə prezident və parlament kimi seçkili qurumlar olsa da, əsas güc seçilməyən dini-inqilabi strukturların əlində cəmlənib. Bu sistemin əsas dayaqlarından biri İslam İnqilabı Keşikçiləri Korpusu -  SEPAH-dır. Korpus illər ərzində hərbi güclə yanaşı, iqtisadi və siyasi təsir imkanlarını da genişləndirib.

Onun tabeliyində olan "Bəsic" qüvvələri və müxtəlif iqtisadi şəbəkələr ölkə daxilində nəzarət mexanizmi rolunu oynayır.
Analitiklərin fikrincə, rejim yüz minlərlə insandan ibarət təhlükəsizlik və bürokratik aparat üzərində qurulub və belə bir sistemi yalnız liderin aradan götürülməsi ilə sarsıtmaq mümkün deyil.

"Tam qələbə" ritorikası

İsraildə bəzi siyasətçilər artıq rejimin çökməsindən danışsalar da, bir çox şərhçilər bunu tələsik optimizm hesab edir. İran və "Hizbullah" tükəndirmə strategiyasına üstünlük verir, bütün arsenalını bir anda işə salmır və müharibəni uzatmağa çalışır. Eyni zamanda Tehran Fars körfəzi ölkələrinə təzyiq göstərərək enerji bazarı vasitəsilə Vaşinqtona təsir imkanlarını artırmağa cəhd edir.

Pentaqonun mesajı

ABŞ müdafiə naziri Pet Heqset bildirib ki, əməliyyat yaxın günlərdə daha da genişlənə bilər və ABŞ-la İsrail qüvvələri İranın hava məkanına nəzarəti gücləndirəcək. Onun sözlərinə görə, əsas hədəf İranın raket və hərbi-sənaye potensialıdır. Heqset ABŞ-İsrail əməkdaşlığını "tarixi" adlandıraraq bunu İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasındakı sıx koordinasiya ilə əlaqələndirib.

Daxili risklər

Qərb mediasının məlumatına görə, İranın qərbində kürd silahlı qrupları mümkün əməkdaşlıq variantlarını müzakirə edir. Lakin hələlik ölkə daxilində genişmiqyaslı üsyan əlamətləri yoxdur. Ekspertlər vurğulayır ki, hətta ali liderin ölümündən sonra da sistem daxilində varislik və idarəetmə mexanizmləri mövcuddur. Buna görə də İran zəifləsə belə, yaxın perspektivdə rejimin tam süqutu real görünmür.

Link kopyalandı!
Son xəbərlər