"Biz sadəcə qisas qorxusundan sülhə zərərli, dəyərlərimizə və maraqlarımıza zidd olan heç nəyə qoşulmayacağıq".
Moderator.az xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes bildirib. Onun sözlərinə görə, hökumətin vəzifəsi vətəndaşlarının həyat səviyyəsini yaxşılaşdırmaqdır, ölkəni münaqişələrə sürükləmək deyil. Sançes qeyd edib ki, bu cür əməliyyatlarda iştirak etmək qiymət artımına, iqtisadi qeyri-sabitliyə və təhlükəsizlik təhdidlərinin yaranmasına səbəb olur.
İspaniyanın baş naziri ölkəsinin sülh yolu axtarmağa davam etmək və münaqişəni diplomatik yollarla həll etmək niyyətində olduğunu bildirib. Bundan əlavə, rəsmi Madrid sülhü və beynəlxalq hüquqa hörməti dəstəkləyən Avropa tərəfdaşları və regional dövlətlərlə əməkdaşlığı davam etdirməyi planlaşdırır.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İspaniya ilə ticarət müqavilələrinin mümkün ləğvi barədə xəbərdarlıq edib. Qeyd olunur ki, bu açıqlama İspaniya hökumətinin İrandakı ABŞ əməliyyatını dəstəkləmək üçün Rota və Morondakı hərbi bazalarından istifadə etməyə icazə verməkdən imtina etməsindən sonra verilib.