"Dron zərbələri və hava şəraiti Rusiyanın enerji gəlirlərini azaldır..."
Dünya bazarında neft qiymətləri kəskin artsa da, Rusiya bu fürsətdən istifadə edə bilməyib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.
Ukrayna dronlarının hücumları və əlverişsiz hava şəraiti ixrac imkanlarını məhdudlaşdırıb. Nəticədə, neft və qaz gəlirlərinin azalması fonunda federal büdcə kəsiri böyüməkdə davam edir. Mənbələrin məlumatına görə, Novorossiysk limanındakı "Şesxaris" neft terminalı martın 2-də yükləməni dayandırıb.
Hücum nəticəsində yanğın baş verib və onlarla obyekt zədələnib. Terminalın fəaliyyətinin ən tez 5-6 martda bərpa olunacağı gözlənilir. Martın 3-də isə neft qiymətləri təxminən 8 faiz artaraq üçüncü gündür yüksəlişini davam etdirib. Bu artım ABŞ və İsrail ilə Iran arasında gərginliyin artması fonunda baş verib və Yaxın Şərqdən tədarükün pozula biləcəyi qorxusunu gücləndirib.
İxrac marşrutları daralır, alternativlər məhduddur
Buna baxmayaraq, Rusiya ixracı artırmaq iqtidarında deyil. Baltik limanları - Primorsk və Ust-Luqada sərt buz şəraiti yükgötürmə imkanlarını azaldıb. Eyni zamanda, Avropa ölkələri Rusiya neftini daşıyan "kölgə donanması" tankerlərinin saxlanmasını gücləndirib ki, bu da logistikanı daha da çətinləşdirir.
"Urals" markalı neftin qiyməti 51,6 dollara yüksəlsə də, əsas terminalların dayanması səbəbindən Moskva bazardakı artıma operativ reaksiya verə bilmir. Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə nəql də hava şəraiti və Qazaxıstandakı "Tengiz" yatağında hasilatın bərpası səbəbindən məhdud qalıb.
Yalnız Uzaq Şərqdə, Kozmino limanı vasitəsilə ixrac mart ayında sutkada təxminən 1 milyon barelə yaxınlaşır. Beləliklə, qiymət artımı fonunda infrastruktur zərbələri və xarici məhdudiyyətlər Kremlin enerji gəlirlərini ciddi şəkildə sıxışdırır.