İsrail və ABŞ-nin İrana qarşı birgə əməliyyatının pərdəarxası məqamları: Xameneinin yerini kim deyib?
Dünya
283
11:45, Bu gün

İsrail və ABŞ-nin İrana qarşı birgə əməliyyatının pərdəarxası məqamları: Xameneinin yerini kim deyib?

Fevralın 23-də İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı hadisələrin gedişatını dəyişib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
 
Netanyahu fevralın 28-nə təyin edilmiş İranın ali lideri Əli Xamenei və onun yaxın müşavirlərinin toplantısı barədə məlumat ötürərək, hədəflərin tək bir həmlə ilə məhv edilməsini təklif edib. Məhz bu kəşfiyyat məlumatı Vaşinqton və Təl-Əvivin birgə əməliyyata start verməsində həlledici rol oynayıb.
 
Ağ Ev rəhbəri dərhal Mərkəzi Kəşfiyyat İdarəsinə alınan informasiyanın dəqiqləşdirilməsi barədə göstəriş verib və fevralın 26-da məlumatların doğruluğu təsdiqlənib. Hava şərtləri və digər texniki səbəblərdən dolayı əməliyyatın vaxtı cüzi dəyişdirilərək, fevralın 28-i Bakı vaxtı ilə saat 00:38-də başladılıb. Tramp Xameneidə şübhə yaratmamaq üçün planın tam məxfilik şəraitində saxlanılmasını təmin edib.
 
İsrail tərəfi ABŞ-ni İrana qarşı mümkün qədər tez hərəkətə keçməyə təşviq edib. Bu tələskənlik isə Ağ Evə zərbədən öncə genişmiqyaslı informasiya hazırlığı görməkdə çətinlik yaradıb.
 
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
 
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
 
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
 
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. /oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər