Avropa Komissiyası Rusiyanın Ukraynaya hücumu nəticəsində zədələndikdən sonra yanvarın sonundan fəaliyyəti dayandırılmış "Drujba" neft kəmərinin vəziyyəti barədə yeni məlumatlar almayıb.
Moderator.az-ın məlumatına görə, bu barədə Aİ-nin enerji məsələləri üzrə rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen Brüsseldə bəyan edib.
Onun sözlərinə görə, Avropa Komissiyası zədələnmiş neft kəməri ilə bağlı vəziyyətlə əlaqədar Ukrayna tərəfi, həmçinin Aİ-nin üzvü olan dövlətlər, ilk növbədə, Slovakiya və Macarıstanla əlaqə saxlayır.
"Avropa İttifaqı ölkələrinə enerji tədarükünün təhlükəsizliyi prioritetimiz olaraq qalır. Lakin boru kəmərinin istismarına gəlincə, məndə heç bir yeni məlumat yoxdur", - o bəyan edib.
Martın 3-də Macarıstan Baş naziri Viktor Orban sosial şəbəkələrdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə ünvanlanan məktub dərc edib. O, bu məktubda Ukraynanı siyasi səbəblərdən tədarükü qəsdən dayandırmaqda ittiham edib.
O, Aİ-ni Macarıstan və Slovakiyanın enerji təhlükəsizliyini sarsıtmaması və Assosiasiya Sazişinin müddəalarına riayət olunmasını təmin etməsi üçün Ukraynaya təzyiq göstərməyə çağırıb.