Dünya
290
20:45, Bu gün

"Nemtsov Rusiyanı azadlığa apara biləcək simalardan biri idi, amma tarix başqa cür yazıldı" - Leonid Nevzlin

"Bu qətl ölkənin alternativ gələcəyinə açılan pəncərənin bağlanması idi..."

Bu günlər Boris Nemtsovun qətlə yetirilməsindən 11 il ötdü. O, Kremlin divarları yaxınlığında - ölkənin tam mərkəzində güllələnib. Elə həmin ölkədə ki, Nemtsov onu yenidən normal həyata qaytarmağa çalışırdı.

Moderator.az xəbər verir ki, bu barədə İsrailin ictimai xadimi Leonid Nevzlin "gordonua.com" nəşrindəki bloqunda yazıb.

"Siyasət" və "dürüstlük"?

Müəllif qeyd edir ki, Nemtsov "siyasət" və "dürüstlük" sözlərini bir-birinə zidd anlayışlar saymayan nadir rus siyasətçilərindən idi. Açıq danışırdı, kinayə arxasında gizlənmirdi, şəri "sistemin xüsusiyyəti" kimi qəbul etmirdi. O, hər şeyi öz adı ilə çağırırdı.

Başqa bir Rusiyada onun siyasi gələcəyi ola bilərdi. Bəlkə də elə Rusiyanın özündə də. O, ölkəni azadlığa, qanunun aliliyinə və insan həyatına hörmətə doğru yönəldə biləcək fiqurlardan biri idi. Amma tarix başqa istiqamət aldı.

Nemtsov və Putin: iki fərqli Rusiya

Vladimir Putin hakimiyyətə gələndən sonra Rusiya tədricən fərdi hakimiyyət və cəzasızlıq sisteminə çevrildi. Nemtsov isə bunun əksini təmsil edirdi. 1990-cı illərdə Nijni Novqorod qubernatoru və baş nazir müavini kimi o, islahatçı, Qərbə açıq, liberal xətti müdafiə edirdi.

Putin dövründə isə siyasi rəqabət tədricən sıfırlandı. Müstəqil media sıradan çıxarıldı, seçkilər formal prosedura çevrildi, müxalifət ya susduruldu, ya da ölkədən sıxışdırıldı. 

Nemtsov bu proseslərin ən sərt tənqidçilərindən idi. O, korrupsiya hesabatları hazırlayır, hakim elitanın varlanma mexanizmlərini ifşa edir, Krımın ilhaqını açıq şəkildə pisləyirdi.

Onun öldürülməsi təsadüfi akt deyildi - bu, simvolik mesaj idi. Kremlin kölgəsində, kameraların izlədiyi məkanda baş verən qətl cəmiyyətə göstərirdi ki, "toxunulmaz" zona yoxdur.

"Nöqtəvi zorakılıq"dan açıq müharibəyə

Əvvəlcə elə görünə bilərdi ki, bu, fərdi hesablaşmadır. Amma hədd anlayışı heç vaxt yaranmadı. Mafioz dövlət üçün belə bir sərhəd ola bilməzdi. Bir vaxtlar siyasi qətllər formasında özünü göstərən zorakılıq sonradan açıq müharibəyə və kütləvi ölümlərə çevrildi. Rusiyanın Ukraynaya müdaxiləsi zamanı baş verən dağıntılar göstərdi ki, mahiyyət dəyişməyib, sadəcə miqyas böyüyüb.

Bu sistem əvvəldən yalan, qorxu və güc məntiqi üzərində qurulmuşdu: qanun əvəzinə zor, ədalət əvəzinə sədaqət, siyasət əvəzinə təzyiq. Belə sistemlər vaxtında dayandırılmayanda həmişə daha irəli gedir.

Nemtsov isə başqa bir ehtimalın - Rusiyanın zorakılıq yox, azadlıq yolu ilə dəyişə biləcəyi ehtimalının rəmzi idi. Onun ölümü yalnız bir siyasətçinin itkisi deyildi. Bu, ölkənin alternativ gələcəyinə açılan pəncərənin bağlanması idi. Tarix başqa cür yazıldı. Amma bu, o alternativin heç vaxt mövcud olmadığını göstərmir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər