Rusiyanın Çelyabinsk şəhərinin Kassasiya Məhkəməsi 2000-ci ildə törədilmiş qətlə görə üç dəfə mühakimə olunan Yekaterinburqdan olan azərbaycanəsilli iş adamı Nəsimi Məmmədov barəsindəki bəraət hökmünü təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə Ura.ru-ya onun vəkili Olesya Bortnikova məlumat verib.
Prokurorluğun daha yüksək instansiyaya şikayət verib-verməyəcəyi barədə məlumat verilmir.
Xatırladaq ki, N.Məmmədov 2022-ci ilin yazında Dmitri Deyç və Mixail Klokla birlikdə saxlanılıb. İstintaq hesab edir ki, mərhum D.Deyç öz iş ortağı Aleksey Zubakinin qətlini o vaxtlar mütəşəkkil dəstənin lideri sayılan M.Kloka sifariş verib.
İttihama görə, M.Klok öz sürücüsü N.Məmmədova müraciət edib, o isə muzdlu qatil qismində çıxış edib. N.Məmmədov təqsirini qətiyyətlə inkar edib. Andlılar məhkəməsi onun barəsində üç dəfə bəraət qərarı verib.