"Ukrayna lideri danışıqlardakı əsas maneələri və mövqeyini açıqlayıb..."
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə aparılan sülh danışıqlarının faktiki olaraq dalana dirəndiyini etiraf edib.
Moderator.az xəbər verir ki, bu barədə o, İtaliyanın "Corriere della Sera" nəşrinə müsahibəsində danışıb. Məlumatı "24tv.ua" yayıb.
Danışıqlar niyə dayanıb?
Zelenskinin sözlərinə görə, əsas problem 20 maddəlik plan və xüsusilə Donetsk vilayəti üzərində nəzarət məsələsidir. ABŞ təhlükəsizlik zəmanətləri verməyə hazırdır, lakin bunu yalnız Rusiya ilə yekun sülh sazişi çərçivəsində imzalamaq istəyir. Avropa ilə hazırlanan protokol da hələ imzalanmayıb, ölkənin bərpası isə yalnız müharibə bitdikdən sonra başlaya bilər.
Prezident bildirib ki, Kiyev ABŞ-ın cəbhə xəttinin "dondurulması" təklifinə razılaşıb, lakin Moskva Donetsk vilayətinin tam şəkildə verilməsini tələb edir. ABŞ-ın demilitarizasiya və azad iqtisadi zona təklifi də razılaşma yaratmayıb. Zelenski bu yanaşmanı "tam dəlilik" adlandırıb.
Donbas mövqeyi dəyişməzdir
Zelenski vurğulayıb ki, Donbasdan və orada yaşayan 200 min ukraynalıdan imtina etməyəcək. Onun fikrincə, qoşunların geri çəkilməsi Rusiyaya ölkənin mərkəzinə doğru açıq yol verə bilər. Hətta ABŞ qoşunları yerləşdirilsə belə, uzunmüddətli risklərin qalacağını deyən prezident Əfqanıstan təcrübəsini xatırladıb. O, ərazi mübadiləsi variantını da Ukraynanın maraqlarına uyğun saymadığını bildirib: "Niyə biz öz torpağımızı dəyişməliyik?"
Orban və seçki məsələsi
Zelenski Macarıstanın baş naziri Viktor Orban ilə münasibətlərə toxunaraq, onun seçkilərdə məğlub olacağı halda əlaqələrin normallaşa biləcəyini deyib. Slovakiyanın baş naziri Robert Fico ilə isə təmasların davam etdiyini qeyd edib. Prezident növbəti seçkilərdə iştirak edib-etməyəcəyinə də aydınlıq gətirib. O bildirib ki, seçkilər yalnız müharibə tam başa çatdıqdan sonra keçirilməlidir və namizəd olub-olmayacağına Ukrayna xalqının istəyinə uyğun qərar verəcək.