Dünya
847
21:45, Bu gün

"ABŞ yanlışlığa yol verdi: Xameneinin qətli Vaşinqton üçün gözlənilməz nəticələr vəd edir" - "Steigan blogger" (Norveç)

"İranın ali dini liderinin öldürülməsi Yaxın Şərqdə təhlükəli dönüş nöqtəsidir..."

Ayətullah Əli Xameneinin Tehrandakı iqamətgahında ABŞ və İsrailin birgə hücumu nəticəsində öldürülməsi İranda nə rejim dəyişikliyinə, nə də geri çəkilməyə səbəb olacaq. 

Moderator.az xəbər verir ki, bu barədə Norveçin "steiganblogger.com" nəşri yazıb.

Nəşr yazır ki, bu hadisə əksinə, İran cəmiyyətində müqavimət əzmini gücləndirəcək. Müəllif xatırladır ki, hücumdan az əvvəl İran XİN rəhbəri Abbas Araqçı Cenevrə danışıqlarını "ciddi irəliləyiş" kimi qiymətləndirmişdi. Oman vasitəçiləri də "sülh əlçatandır" mesajı verirdi. Lakin məlum olur ki, danışıqlar aparıldığı vaxt hərbi əməliyyat artıq planlaşdırılmışdı. Müəllif bunu Moskva və Pekin üçün də xəbərdarlıq sayır: Vaşinqton istənilən an güc tətbiq edə bilər.

Yazıda qeyd olunur ki, Donald Trump özünü "sülh prezidenti" kimi təqdim etsə də, faktiki olaraq hərbi əməliyyatlar davam edir. Müəllifin fikrincə, həlledici qərar İsrail baş naziri Benyamin Netanyahunin Vaşinqton səfərindən sonra verilib. İran liderinin birbaşa hədəfə alınması isə presedentsiz addım kimi dəyərləndirilir.

Müharibə - İran üçün yaşamaq məsələsi

Məqaləyə görə, ABŞ və İsrailin məqsədi Tehrandakı rejimi devirməkdir. Lakin İran üçün bu qarşıdurma siyasi ambisiya deyil, varlıq məsələsidir. Şiə dünyasında şəhidlik anlayışı mühüm yer tutur və Xameneinin ölümü müqaviməti daha da gücləndirə bilər. Tehran hücuma saatlar içində cavab verərək İsrailə raket və PUA zərbələri endirib, həmçinin regiondakı ABŞ bazalarını hədəfə alıb. 

Analitik qurumlar, o cümlədən "Atlantic Council" və "Council on Foreign Relations" İranın bu reaksiyasını rejim üçün ekzistensial təhlükə ilə izah edir. Müəllif vurğulayır ki, liderin ölümü rejimi avtomatik sarsıtmır - varis seçimi üçün konstitusion mexanizmlər mövcuddur.

Uzun savaş və iqtisadi risklər

Yazıda bildirilir ki, İsrail və ABŞ qısa müharibəyə üstünlük versə də, İran uzunmüddətli qarşıdurmaya hazırdır. Bu isə həm İsrail, həm də ABŞ üçün ciddi sosial-iqtisadi yük yarada bilər. Müharibənin təsiri artıq bazarlarda hiss olunur: Brent markalı neft 73 dollara yüksəlib. 

Hörmüz boğazının bağlanması ehtimalı qiymətləri 90-100 dollara çatdıra bilər ki, bu da qlobal iqtisadiyyata ağır zərbə vura bilər. Sonda müəllif qeyd edir ki, bu hadisə Vladimir Putin və Si Tszinpin üçün də mesajdır: ABŞ qlobal hegemonluqdan könüllü imtina etmək niyyətində deyil və İranla müharibə daha geniş geosiyasi qarşıdurmanın yeni mərhələsidir.

Link kopyalandı!
Son xəbərlər