Dünya
515
20:50, Bu gün

"Rusiyada saray çevrilişi tamamilə mümkündür" - Qudkov

"Hərbi məğlubiyyət və iqtisadi böhran Kreml daxilində balansı dəyişə bilər..."

Keçmiş DTK zabiti və sabiq deputat, hazırda siyasi mühacirətdə olan Gennadi Qudkov hesab edir ki, Rusiyada hakimiyyət daxilində parçalanma ehtimalı qalır və müəyyən şərtlər daxilində "saray çevrilişi" mümkündür.

Moderator.az xəbər verir ki, o, bu barədə "dw.com" nəşrinə verdiyi müsahibəsində bəyan edib.

Navalnının ölümü və Kreml daxilində artan suallar

Qudkovun fikrincə, Kreml Aleksey Navalnının həbsdə olmasına baxmayaraq onu təhlükə kimi görürdü. Qudkov iddia edir ki, Navalnının azadlığa çıxacağı halda etirazları birləşdirə və hakimiyyətə ciddi təzyiq göstərə biləcəyi düşünülürdü.

O, həmçinin bildirir ki, qərar yüksək səviyyədə qəbul olunub və bu addım mümkün məhbus mübadiləsi ssenariləri fonunda atılıb. Qudkovun sözlərinə görə, Navalnının ölümü ilə bağlı beynəlxalq laboratoriyaların gəldiyi nəticələr məsuliyyəti birbaşa Kreml rəhbərliyinə yönəldir.

Elitalar narazıdır, amma zəmanət görmür

Qudkov iddia edir ki, 2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində hakim elita daxilində ciddi narazılıq olub. Onun sözlərinə görə, bəzi nüfuzlu fiqurlar təhlükəsizlik zəmanətləri və gələcək üçün "indulgensiya" axtarıblar. Lakin Qərb və Ukraynanın mövqeyi səbəbindən bu cəhdlər nəticəsiz qalıb.
2024-cü ildə isə narazılığın yeni dalğası yaranıb.

Müharibənin dalana dirəndiyini düşünən çevrələr beynəlxalq təcriddən narahatdır. Qudkov hesab edir ki, həmin dövrdə ABŞ-da siyasi ritorikanın dəyişməsi və Donald Trampın Vladimir Putinə münasibətdə daha yumşaq açıqlamaları narazı elitanın gözləmə mövqeyinə keçməsinə təsir göstərib.

Onun qənaətincə, hazırda Rusiya elitası daxilində bir çoxları müharibənin və sanksiyaların şəxsi maraqlarına, ailələrinin gələcəyinə və maliyyə imkanlarına zərbə vurduğunu anlayır. Lakin açıq addım atmaq üçün zəmanət və təhlükəsizlik mexanizmləri görmürlər.

Çevriliş ssenarisi və mümkün təkanlar

Qudkov hesab edir ki, mümkün hakimiyyət dəyişikliyi birinci eşelondan deyil, ikinci-üçüncü eşelondan - nazir müavinləri, iri biznes nümayəndələri və müxtəlif strukturların rəhbərliyində təmsil olunan fiqurlar tərəfindən təşəbbüs edilə bilər. Onun fikrincə, bu qrup üçün lider artıq təminat yox, risk mənbəyinə çevrilərsə, daxili çevriliş real variant ola bilər.

Keçmiş deputat xüsusi xidmət orqanlarının rolunu da fərqli qiymətləndirir. Onun sözlərinə görə, sovet dövrünün DTK sistemi ilə indiki Rusiya Federal Təhlükəsizlik Xidməti arasında əsas fərq korrupsiya səviyyəsidir. Qudkov iddia edir ki, hazırkı sistemdə vəzifə və rütbələr daha çox maliyyə maraqları ilə bağlıdır.

Onun fikrincə, bir neçə amilin üst-üstə düşməsi vəziyyəti dəyişə bilər: hərbi məğlubiyyət, iqtisadi vəziyyətin kəskin pisləşməsi, liderin zəifləməsi ilə bağlı daxili inamın sarsılması və güclü xarici təzyiq. Belə bir şəraitdə hakimiyyət daxilində sürətli qərar dəyişikliyi mümkündür.

Beləliklə, Qudkovun qənaətinə görə, hazırda açıq parçalanma müşahidə olunmasa da, daxildə narazılıq potensialı mövcuddur və müəyyən şərtlər daxilində Rusiyada saray çevrilişi ssenarisi tamamilə istisna edilmir.

Link kopyalandı!
Son xəbərlər