Dünya
380
17:37, Bu gün

"Xamenei məhv edildi - küçələrə çıxın!" - Tramp

"Mən sizə söz vermişdim və sözümü tutdum, qalanı sizin əlinizdədir..."

ABŞ prezidenti Donald Tramp İran rejiminə qarşı keçirilən hərbi əməliyyatla bağlı videomüraciətində sensasion bəyanat səsləndirib: "Xamenei məhv edildi - küçələrə çıxın!"

Moderator.az xəbər verir ki, bu barədə "Reuters  agentliyi məlumat yayıb.

Trampın sözlərinə görə, son 36 saat ərzində ABŞ və müttəfiqləri İran ərazisində yüzlərlə hədəfə zərbələr endirib. Hədəflər sırasında İslam İnqilabı Keşikçiləri Korpusunun obyektləri, HHM sistemləri, hərbi gəmilər və komanda mərkəzləri olub. Prezident bir neçə amerikalı hərbçinin həlak olduğunu və yaralananların olduğunu təsdiqləyib. O bildirib ki, itkilər arta bilər, lakin "Amerika həlak olanların qisasını alacaq və terrorçulara sarsıdıcı zərbə vuracaq".

Tramp əməliyyatın məqsədinin regionda uzunmüddətli təhlükəsizliyi təmin etmək olduğunu deyib və ayətullah rejiminin raket və nüvə potensialını qlobal təhlükə kimi qiymətləndirib. O, birbaşa İran xalqına da müraciət edərək rejimə xidmət edənlərə "tam immunitet və ya qaçılmaz ölüm" vəd edib. "Mən sizə söz vermişdim və sözümü tutdum. Qalanı sizin əlinizdədir", - Tramp vurğulayıb.

Tehran və Təl-Əviv arasında gərginlik

Eyni vaxtda Tehran İsrailə qarşı hücumda "Xeybər" tipli ballistik raketlərdən istifadə etdiyini açıqlayıb və Baş nazir Benyamin Netanyahunun ofisinin hədəfə alındığını iddia edib. Bu məlumatların rəsmi təsdiqi yoxdur. İsrail isə hava məkanını mərhələli şəkildə qismən açmağa başlayıb. Milli aviadaşıyıcı El Al xüsusi evakuasiya reyslərinə hazırlaşır. "Axios" yazır ki, əməliyyat ilkin olaraq bir həftə əvvəl planlaşdırılıb, lakin hava şəraiti və koordinasiya səbəbindən təxirə salınıb.

Müharibə uzanacaqmı?

Analitiklər hesab edir ki, prosesin taleyi Vaşinqtondakı qərarlardan asılıdır. İlk zərbələrə baxmayaraq, İran sistemi hələ də fəaliyyət göstərir və qarşıdurma uzana bilər. Hərbi təzyiqin daxili üsyan yaratmaq əvəzinə cəmiyyəti hakimiyyət ətrafında birləşdirməsi ehtimalı da istisna edilmir.

Beynəlxalq müşahidəçilər bildirirlər ki, ali lider Əli Xameneinin aradan götürülməsi avtomatik olaraq rejimin süqutu demək deyil. İranın institusional və güc strukturları hələ də mövcuddur. Beləliklə, region son dərəcə riskli mərhələyə daxil olur. Əsas sual açıq qalır: Tramp nə qədər irəli gedəcək və Tehran hansı həddə qədər müqavimət göstərəcək?

Link kopyalandı!
Son xəbərlər