"İrana qarşı zərbə diplomatiyanın iflası kimi qiymətləndirilir..."
İsrail və ABŞ-nin İranın nüvə proqramı üzrə danışıqlar davam etdiyi bir vaxtda həyata keçirdiyi ikinci hücum mümkün razılaşmanı faktiki olaraq təhlükə altına salıb. Tramp isə bildirir ki, güzəştlərə hazır idi, lakin hərbi əməliyyat Vaşinqtonun diplomatik etibarlılığına ciddi zərbə vurdu.
Moderator.az xəbər verir ki, bu barədə "theguardian.com" nəşri yazıb.
Məqalə müəllifi Patrik Vintur qeyd edir ki, birgə hücum aylarla planlaşdırılsa da, onun məhz danışıqlar mərhələsinə təsadüf etməsi ABŞ-nin səmimi şəkildə razılaşma istədiyinə dair şübhələri artırır. Tramp çıxışında İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının qarşısını almağa dair konkret plan təqdim etmədi, əksinəh rejimi "qəddar və qanlı" adlandıraraq daha sərt ritorika seçdi.
Oman vasitəçiliyi və mümkün razılaşma
Danışıqlarda vasitəçi olan Omanın xarici işlər naziri Bədr əl-Busaidi Vaşinqtona təcili səfər edərək tərəflər arasında irəliləyiş olduğunu bildirmişdi. Onun sözlərinə görə, İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarını tam məhv etməyə, mövcud ehtiyatları təbii səviyyəyə endirməyə və Beynəlxalq Atom Enerjisi Agentliyinə tam nəzarət imkanı verməyə razı idi.
Hətta ABŞ müfəttişlərinin də MAQATE ilə birlikdə yoxlamalara qatılması mümkündür. İran yalnız dinc məqsədlər üçün zəruri həcmdə uran zənginləşdirməyi qəbul edirdi və razılaşmanın yaxın günlərdə imzalanması real sayılırdı.
Hücumun siyasi nəticələri
Bununla belə, Tramp hücumu İranın ABŞ və müttəfiqləri üçün "birbaşa təhlükə" yaratması ilə əsaslandırdı, lakin konkret sübutlar təqdim etmədi. O, danışıqların gedişinə və tərəflər arasındakı fikir ayrılıqlarına toxunmadı. Əgər İran həqiqətən də yüksək zənginləşdirilmiş uranı ləğv etməyə və sərt yoxlamalara razı idisə, bu, nüvə silahı riskini azalda bilərdi.
Belə olan halda tənqidçilər Trampı və İsraili sülh yolu ilə həll oluna biləcək bir razılaşmanı pozmaqda ittiham edə bilərlər. Məqalə belə nəticəyə gəlir ki, danışıqların ən həssas mərhələsində baş verən hücum Vaşinqtonun diplomatiyaya sadiqliyini ciddi şəkildə sual altına qoyur.