Dünya
466
21:45, Bu gün

"Açar region: Qərb Rusiyaya növbəti zərbəni harada vurmaq istəyir?" - "The National Interest"

"Ağ Ev Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa çalışır..."

ABŞ Cənubi Qafqazda təsirini artırmaq və Rusiyanın mövqelərini zəiflətmək üçün sistemli siyasət yürüdür.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "nti.com" nəşri  yazıb.

Vensin səfəri və TRIPP layihəsi

Nəşr yazır ki, bu xətt "sülh təşəbbüsləri" adı altında təqdim olunsa da, əsas məqsəd Moskvanın regiondakı rolunu azaltmaqdır. ABŞ-ın vitse-prezidenti Cey Di Vens Cənubi Qafqaza səfər edən ən yüksək rütbəli Amerika rəsmisi kimi qiymətləndirilir.

Bu səfər Donald Tramp administrasiyasının regionda təsiri gücləndirmək strategiyasının davamı sayılır. Səfər ötən ilin avqustunda Ağ Evdə keçirilmiş üçtərəfli görüşün nəticələrinə söykənir. Həmin görüşdə Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsi paraflanıb. 

Hazırda diqqət mərkəzində "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsi dayanır. Layihə Ermənistan ərazisindən keçməklə Naxçıvana 43 kilometrlik dəhlizin açılmasını və Orta Asiyadan Avropaya uzanan ticarət yollarının İran və Rusiyadan yan keçməklə birləşdirilməsini nəzərdə tutur.

Energetika və təhlükəsizlik razılaşmaları

Fevralın 9-da Vens və Ermənistan baş naziri Nikol Paşinyan mülki nüvə energetikası üzrə saziş imzalayıblar. Sənəd 5 milyard dollarlıq infrastruktur yenilənməsini və 4 milyard dollarlıq yanacaq və texniki xidmət müqavilələrini əhatə edir. 

Məqalədə qeyd olunur ki, bu addım Rusiyanın Rosatom şirkətinin mövqelərini zəiflətməyə yönəlib. Bir gün sonra Vens Azərbaycan Prezidenti İlham Əliyev ilə strateji tərəfdaşlıq sazişi imzalayıb. Sənəd iqtisadiyyat, təhlükəsizlik, silah satışı, süni intellekt və enerji sahələrini əhatə edir.

Gürcüstan amili və "kökə və qamçı" siyasəti

Vensin Gürcüstana səfər etməməsi diqqət çəkib. Məqalədə bildirilir ki, Tbilisi son illər Rusiya və Çinlə praqmatik əməkdaşlığı gücləndirir. Anaklia dərin su limanı layihəsinin Çin-Sinqapur konsorsiumuna verilməsi Vaşinqtonun rəqiblərinə üstünlük kimi qiymətləndirilir.

Nəşrə görə, ABŞ Gürcüstanla münasibətlərdə "kökə və qamçı" taktikasını nəzərdən keçirir - investisiya təşviqləri ilə yanaşı, Qərb standartlarına uyğun seçki prosesi təmin olunmazsa sanksiya imkanları da gündəmdədir.

Məqalədə vurğulanır ki, Cənubi Qafqazda sülh prosesi hələ də böyük ölçüdə deklarativ xarakter daşıyır və TRIPP layihəsinin taleyi tərəflərin real addımlarından asılıdır. Moskva isə regionda təsirini saxlamaq üçün manevr edir. Gürcüstan amili və mürəkkəb geosiyasi balans Vaşinqton üçün əsas çağırış olaraq qalır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər