Dünya
599
21:40, Bu gün

"Kəskin narahatlıq": Avropada ABŞ və İsrailin İrana zərbələrinə reaksiya"- "Berliner Zeitung"

"ABŞ və İsrailin hücumu beynəlxalq hüququn pozulmasıdır..."

ABŞ və İsrailin 28 fevral 2026-cı ildə İrandakı hədəflərə endirdiyi koordinasiyalı hava və dəniz zərbələri Avropada ciddi narahatlıq doğurub.

Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "berlinerzeitung.com" nəşri yazıb.

Berlin və Brüsselin reaksiyası

Brüsseldə baş verənlər "kəskin təşviş" kimi qiymətləndirilib. Almaniya federal hökuməti dərhal daxili və beynəlxalq məsləhətləşmələrə başlayıb. Hökumətin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib ki, Berlin vəziyyəti diqqətlə izləyir və Avropa tərəfdaşları ilə sıx koordinasiya aparır. Kansler Friedrix Mers təhlükəsizlik məsələlərinə cavabdeh nazirlərlə müzakirələr aparıb. Bildirilib ki, Almaniya hökuməti İsrailin hərbi əməliyyatları barədə əvvəlcədən məlumatlandırılıb.

Xarici İşlər Nazirliyində böhran qərargahının toplanacağı açıqlanıb. İran və İsraildəki Almaniya vətəndaşlarına ELEFAND proqramında qeydiyyatdan keçmək tövsiyə olunub. Avropa İttifaqı isə hadisələri "kəskin narahatlıq doğuran" kimi dəyərləndirib, regional sabitliyin və nüvə təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıb və tərəfləri təmkinə çağırıb.

Alman siyasətçilərin mövqeyi

"Sara Vagenknext İttifaqı"nın sədr müavini Mixael Lüders bildirib ki, İranın siyasi sisteminə münasibət fərqli ola bilər, lakin ABŞ və İsrailin hücumu beynəlxalq hüququn pozulmasıdır. O, Almaniya hökumətini bu əməliyyatdan məsafə saxlamağa çağırıb.

Kansler Mers isə İsrailin öz mövcudluğunu və vətəndaşlarının təhlükəsizliyini müdafiə etmək hüququna malik olduğunu vurğulayıb və tərəfləri əlavə eskalasiyadan çəkinməyə səsləyib. Bundestaqda da İsrailin təhlükəsizliyi Almaniya dövlət doktrinasının əsas elementi kimi təqdim olunur.

XDS-in xarici siyasət üzrə eksperti Roderix Kizevetter bildirib ki, məsələ Almaniyanın öz təhlükəsizliyi ilə də bağlıdır. Onun sözlərinə görə, həmrəylik təkcə bəyanatlarla məhdudlaşmamalı, İsrailə real dəstək göstərilməlidir. O, kəşfiyyat və hava hücumundan müdafiə sahəsində əməkdaşlığın vacibliyini qeyd edib və Almaniyanın açıq şəkildə İsrailin tərəfində olmalı olduğunu deyib.

Beləliklə, Almaniyada ümumi xətt İsrailə dəstək üzərində qurulsa da, bəzi siyasətçilər zərbələri beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək fərqli mövqe sərgiləyirlər. Eskalasiya fonunda Berlin həm təhlükəsizlik, həm də siyasi balans məsələsi ilə üz-üzə qalıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər