Dünya
45
14:20, Bu gün

"Ukrayna Donbası güzəştə getməsə, Moskva danışıqlardan imtina edəcək" - "Bloomberg"

"Ərazi güzəşti əsas tələb kimi irəli sürülür, Kiyev isə imtinada israrlıdır..."

Rusiya Ukrayna ilə danışıqları yalnız konkret ərazi şərtləri əsasında davam etdirməyə hazırdır.

Moderator.az xəbər verir ki, bu barədə "bloomberg.com"  nəşri yazıb.

Nəşrin yazdığına görə, Moskva Ukraynanın Donbasdan, xüsusilə Donetsk vilayətinin nəzarətdə qalan hissəsindən qoşunlarını çıxarması halında sülh memorandumu imzalamağa razıdır. Əks halda, Kreml danışıqları mənasız hesab edə bilər.

Mənbələrin bildirdiyinə görə, yaxın həftədə planlaşdırılan görüşlər müharibənin dayandırılması baxımından həlledici ola bilər. Lakin Ukrayna prezidenti Vladimir Zelenski ərazi güzəştinə getməsə, Rusiya masanı tərk edə bilər. Eyni zamanda qeyd olunur ki, razılaşma əldə edilərsə, daha sonra Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Zelenski arasında sammit keçirilə bilər.

"Vitkoff planı" və münaqişənin dondurulması ssenarisi

"Bloomberg"in məlumatına əsasən, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff tərəfindən irəli sürülən ilkin plan da oxşar çərçivəyə malik idi. Plana görə, ABŞ Ukraynanı Donetsk və Luqansk vilayətlərini əhatə edən Donbasdan imtinaya razı salmağa çalışacaq, əvəzində isə Rusiya cəbhə xətti boyunca münaqişəni "donduracaq" və Zaporojye ilə Xersonun Ukraynanın nəzarətində qalan hissələrinə iddialardan geri çəkiləcək.

Mənbələrin sözlərinə görə, Putin bu planı müzakirə etmək üçün Kremlə yüksək vəzifəli rəsmiləri toplayıb və "Bu planı necə qiymətləndirirsiniz?" sualını ünvanlayıb. Əvvəlcə sükut olsa da, sonradan əksəriyyət müharibənin başa çatmalı olduğunu bildirərək təklifi dəstəkləyib.

Eyni zamanda qeyd olunur ki, Rusiya Sumi, Xarkov və Dnepropetrovsk istiqamətlərindəki bəzi şimal-şərq rayonlarından çıxmağa hazır olduğunu bildirib, ABŞ-ın rəhbərliyi altında atəşkəs monitorinqinə razılıq verə bilər, lakin Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməsinə qarşıdır.

Moskvanın strateji hesabı və Qərbin tərəddüdü

"The Financial Times" isə yazır ki, hərbi planlarının böyük hissəsi iflasa uğramasına baxmayaraq, Putin hələ də Ukraynanın kapitulyasiyasına nail olmaq niyyətindədir. Qəzet qeyd edir ki, Kreml ilkin mərhələdə sürətli qələbə və Kiyevin tezliklə nəzarət altına alınacağını gözləyirdi. Lakin müharibə uzandıqca geosiyasi mənzərə dəyişdi, NATO-nun sərhədləri genişləndi və Qərbin mövqeyi sərtləşdi.

Nəşr vurğulayır ki, Trampın Zelenskiyə münasibəti kifayət qədər soyuq olsa da, Vaşinqton artıq Putinin ABŞ-ı manipulyasiya edə biləcəyindən ehtiyatlanır. Buna baxmayaraq, Kreml geri addım atmağa meylli görünmür. "Financial Times"-a görə, Putin müharibəyə həddən artıq sərmayə qoyub və indi daha az nəticə ilə razılaşmaq onun üçün siyasi risk daşıyır.

"Ərazi güzəşti istisnadır"

Zelenski isə açıq şəkildə bildirir ki, Ukrayna ərazi bütövlüyündən imtina etməyəcək. O, Putini Kiyevə dəvət etməyə hazır olduğunu desə də, görüşün nə Rusiyada, nə də Belarusda keçirilə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Belarus bu müharibədə "passiv təcavüzkardır", çünki hücumlar həmin ərazidən həyata keçirilib.
Ukrayna lideri hesab edir ki, ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilərə qədər "imkan pəncərəsi" mövcuddur və müharibəni payıza qədər bitirmək şansı var.

Lakin bunun üçün Ukraynanın təhlükəsizlik zəmanətləri alması və Rusiyanın yenidən "silaha sarılmayacağına" dair real təminat verilməsi əsas şərtdir.
Beləliklə, danışıqlar masasında əsas düyün dəyişməz qalır: Moskva Donbas müqabilində sülh təklif edir, Kiyev isə ərazi güzəştini qəti şəkildə rədd edir. Bu qarşıdurma yaxın həftələrdə diplomatik prosesin taleyini müəyyən edə bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər