Rusiya Somnoloqlar Assosiasiyasının üzvü, yuxu təbabəti həkimi Alyona Qavrilova yuxululuğu qısa zamanda aradan qaldırmağın yollarını açıqlayıb.
Moderator.az-ın xəbərinə görə, bu barədə o, Aif.ru saytına müsahibəsində danışıb.
Mütəxəssis qeyd edib ki, orqanizmin tonusunu artırmağın ən effektiv üsulu fiziki aktivlikdir, bu zaman əzələnin işi beyinin daha tez "oyanmasına" kömək edir.
A.Qavrilova işdə yuxulu olduqda, yerindən qalxmağı və dəhlizdə, ofisin ətrafında və ya heç olmasa iş masasının ətrafında bir az gəzişməyi tövsiyə edib. Həkim, həmçinin pilləkənlərdən istifadə etməyi tövsiyə edib və qeyd edib ki, pilləkənlərlə qalxıb-enmək daha intensiv yüklənməni təmin edir və sinir sistemini daha tez aktivləşdirir.
Əgər tam şəkildə aktivliyə imkan yoxdursa, o zaman Alyona Qavrilova temperatur faktorlarından istifadə etməyi məsləhət görüb. Onun sözlərinə görə, pəncərəni açmaq və otağı havalandırmaq lazımdır, çünki sərin hava orqanizmə canlanmağa kömək edir, üzü sərin su ilə yumaq isə tez zamanda gümrahlandırıcı təsir göstərir.
Qavrilova vurğulayıb ki, bu üsullar günün ilk yarısında daha effektiv təsir göstərir. Həkim axşam saatlarında təbii yuxu dövrlərini pozmamaq üçün bu üsullardan saat 15:00-a qədər istifadə etməyi tövsiyə edib.