NASA "Artemis" Ay proqramında dəyişiklik edərək Aya planlaşdırılan missiyanı bir il müddətinə təxirə salıb.
Moderator.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, agentlik çoxmilyardlıq SLS raketinin modernizasiyasından imtina edib və birbaşa eniş əvəzinə Yerə yaxın orbitdə əlavə sınaq uçuşu keçirməyi qərara alıb.
Yeni plana əsasən, 2027-ci ildə "Artemis 3" missiyası çərçivəsində "Orion" gəmisindəki astronavtlar Yer orbitində "SpaceX" və "Blue Origin" şirkətlərinin hazırladığı kommersiya eniş modulları ilə birləşmə əməliyyatını sınaqdan keçirəcəklər. Aya eniş isə 2028-ci ilə planlaşdırılan "Artemis 4" missiyasına saxlanılıb.
NASA, həmçinin SLS raketinin daha güclü versiyasının hazırlanmasından imtina edərək, standart konfiqurasiyaya üstünlük verəcək. Qərar proqramda gecikmələr və büdcə artımı fonunda riskləri və xərcləri azaltmağa yönəlib.