"Hesabatda torpaq hüquqları sahəsində inklüziv siyasətə çağırış edilir..."
Dünyada bir milyarddan çox insan yaxın beş il ərzində torpaq və mənzil hüquqlarını itirmək riski ilə üz-üzədir.
Moderator.az xəbər verir ki, bu barədə BMT-nin dəstəyi ilə hazırlanan yeni hesabatda bildirilir. Məlumatı "news.un.org" nəşri yayıb.
Sənəddə qeyd olunur ki, torpaq hüquqlarının möhkəmləndirilməsi istiqamətində qlobal irəliləyişə baxmayaraq, dünyada demək olar ki, hər dörd yetkindən biri qarşıdakı illərdə torpağının bir hissəsini və ya tamamını, eləcə də yaşayış yerini itirə biləcəyindən ehtiyat edir.
Hesabat müəllifləri torpaq hüquqları sahəsində daha inklüziv və ədalətli siyasətin həyata keçirilməsinin vacibliyini vurğulayırlar. Son iyirmi ildə hökumətlər Afrika üzrə torpaq siyasəti və torpaq mülkiyyətinin məsuliyyətli tənzimlənməsi kimi məsələləri əhatə edən milli və beynəlxalq çərçivə sənədləri qəbul ediblər. Nəticədə 70-dən çox ölkədə torpaq islahatları prosesinə başlanılıb.
"Torpaq təhlükəsizliyinin olmaması" və bərabərsizlik
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), International Land Coalition və Fransanın Kənd Təsərrüfatı Araşdırmaları Mərkəzinin (CIRAD) birgə hazırladığı hesabatda bildirilir ki, hazırda dünyada torpaqların cəmi 35 faizinin mülkiyyət, sahiblik və ya istifadə hüquqları rəsmi sənədlərlə təsdiqlənib.
Məlumatlara görə, 1,1 milyarddan çox insan "torpaq təhlükəsizliyinin olmaması" hissini yaşayır. Yəni onlar yaxın illərdə öz mülkiyyətlərini itirmə ehtimalını real və ya çox yüksək hesab edirlər. FAO-nun baş iqtisadçısı Maksimo Torero Kallen bildirib ki, torpaq təhlükəsizliyinin olmaması bərabərsizliyin ən dağıdıcı formalarından biridir.
Torpaqlar kimə məxsusdur?
Hesabata əsasən, dünya torpaqlarının 64 faizindən çoxu hüquqi baxımdan dövlət mülkiyyətindədir. Bu paya ənənəvi istifadə hüququ olan, lakin rəsmi mülkiyyət sənədi olmayan ərazilər də daxildir. Torpaqların bir qədər çoxu - təxminən dörddə biri fiziki şəxslərin, qrupların və şirkətlərin xüsusi mülkiyyətindədir.
Dünyanın quru sahəsinin 18 faizi, yəni 2,4 milyard hektar torpaq fərdi şəxslərə və korporasiyalara məxsusdur. Kənd təsərrüfatına yararlı torpaqlara gəldikdə isə, ən böyük 10 faiz torpaq sahibi bütün becərilən sahələrin demək olar ki, 90 faizini idarə edir. Eyni zamanda torpaqların 10 faizinin mülkiyyət statusu naməlum olaraq qalır.
Regionlar üzrə fərqlər
Hesabatda torpaq mülkiyyət sistemlərinin regionlara görə ciddi şəkildə fərqləndiyi qeyd olunur. Məsələn, Saxaradan cənubdakı Afrika ölkələrində torpaqların 73 faizi ənənəvi istifadə formasındadır, lakin bunun cəmi 1 faizi rəsmi şəkildə tanınır. Şimali Amerikada torpaqların 32 faizi, Latın Amerikasında 39 faizi, Avropada isə 55 faizi xüsusi mülkiyyətdədir. Rusiyada isə torpaq üzərində dövlət mülkiyyəti üstünlük təşkil edir.
Yerli xalqlar və qadınlar
Yerli xalqlar və ənənəvi torpaq istifadəçiləri dünya üzrə 5,5 milyard hektar, yəni quru sahəsinin 42 faizini istifadə etsələr də, onların yalnız 1 milyard hektar ərazi üzərində sənədlə təsdiqlənmiş mülkiyyət hüquqları var.
Məlumatlar göstərir ki, demək olar bütün ölkələrdə qadınlar kişilərlə müqayisədə torpaq mülkiyyətinə və ya qorunan istifadə hüquqlarına daha az malikdirlər - istər yaşayış, istərsə də kənd təsərrüfatı məqsədilə.
"International Land Coalition" təşkilatının direktoru Marşi Viqoda bildirib ki, çox sayda insan torpağını və evini itirmək qorxusu ilə yaşayır və qadınlar, eləcə də gənclər ən həssas qruplar arasında qalır.
Ənənəvi torpaqlar təhlükə altında
Hesabatda ənənəvi torpaq istifadə sistemlərinə də geniş yer ayrılıb. Bu torpaqlar tarixən yerli xalqlar, köçərilər və icmalar tərəfindən məskunlaşıb və ənənəvi təsərrüfat fəaliyyəti üçün istifadə olunub. Buraya meşələr, otlaqlar, bataqlıq və balıqçılıq əraziləri daxildir. Əvvəllər köhnəlmiş sistem kimi qiymətləndirilən bu idarəetmə forması indi biomüxtəlifliyin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə mühüm amil kimi dəyərləndirilir.
Dünyada 4,2 milyard hektara yaxın ənənəvi torpaq xəritələşdirilib ki, bu da Antarktida istisna olmaqla Yer kürəsinin quru sahəsinin 32 faizindən çoxunu təşkil edir. FAO qeyd edir ki, şəhərlərin genişlənməsi, iri sənaye kənd təsərrüfatı, neft-qaz hasilatı və mədən sənayesi kimi insan fəaliyyəti nəticəsində bu torpaqlar getdikcə daha çox təhdid altına düşür.