Dünya
75
21:45, Bu gün

"Xruşşovun məruzəsi və Kremlin susqunluğu" - "Deutsche Welle"

"Stalin sisteminin sökülməsinə yol açan tarixi çıxışın 70 illiyi Rusiyada demək olar ki, diqqətdən kənarda qalıb..."

Belaruslu alim Aleksandr Fridmanın fikrincə, Nikita Xruşşovun SSRİ-də stalinizm sisteminin qəti şəkildə dağıdılmasına start verən məşhur çıxışının 70 illiyi Rusiyada demək olar ki, hiss olunmadan ötüşür və bu, təsadüfi deyil.

Moderator.az xəbər verir ki, bu barədə o, "dw.com" nəşrində yazıb.

2026-cı ilin fevral ayının ikinci yarısında Nikita Xruşşovun adı Rusiya mediasında nadir hallarda xatırlanır. Onun 25 fevral 1956-cı ildə Sov.İKP-nin XX qurultayında səsləndirdiyi tarixi məruzənin 70 illiyi Qərbdə SSRİ üzrə mütəxəssislər üçün mühüm hadisə və Sovet İttifaqının, eləcə də postsovet ölkələrinin inkişaf trayektoriyasını yenidən dəyərləndirmək üçün əsas mövzulardan biri olsa da, Rusiyada faktiki olaraq diqqətdən kənarda qalır.

Müəllif hesab edir ki, bu münasibət həm Kremlin Xruşşovun siyasəti və şəxsiyyətinə verdiyi mənfi qiymətlə, həm də məruzənin məzmunu ilə bağlıdır. Çünki həmin çıxış Rusiya rəhbərliyinin tarixi siyasəti ilə ziddiyyət təşkil edir. Ukraynaya qarşı müharibə başladan və sovet keçmişinin qəhrəmanlaşdırılması kursunu götürən rəsmi Moskva, xüsusilə də Xruşşovun sələfi İosif Stalinin obrazının təmizə çıxarılmasına və ucaldılmasına üstünlük verir.

Xruşşov və antiukrayna kampaniyası

Rusiyada Stalinin rolunun yenidən qiymətləndirilməsi və onun "effektiv menecer" kimi təqdim olunması kampaniyası müəyyən nəticələr verib. Rəylərə görə, Stalini dəstəkləyənlərin sayı artmaqdadır. 2025-ci ilin oktyabrında keçirilmiş sorğuda Stalin 45 faizlə ikinci yeri tutub, yalnız Vladimir Putindən geri qalıb.

Nikita Xruşşovun "reytinqi" isə cəmi 6 faiz olub və 1995-ci illə müqayisədə iki dəfə azalıb. 2016-cı ildə aparılan sorğuda isə bu göstərici cəmi 4 faiz təşkil edib. Müəllifə görə, Xruşşovun onsuz da aşağı olan reytinqinin daha da düşməsi Rusiya mediasında aparılan antiukrayna kampaniyası ilə bağlıdır. Bu kampaniyada onun Ukrayna ilə əlaqələri və Krımın Ukrayna SSR-ə verilməsindəki rolu xüsusi vurğulanır.

Putin də son illər çıxışlarında Xruşşovun Stalin irsini yenidən nəzərdən keçirməsini və onun dövründə dövlət təhlükəsizlik orqanlarının nüfuzunun zəifləməsini müsbət qiymətləndirmir. Bununla yanaşı, o, Xruşşov və onun varisi Leonid Brejnevi Ukrayna ilə sıx bağlı bioqrafiyaya malik sovet liderləri kimi təqdim edərək, bunu Rusiya ilə Ukraynanın "tarixi birliyi" tezisinə arqument kimi istifadə edir.

Qərbdə Xruşşov dövrü daha çox 1962-ci il Karib böhranı, "yumşalma" və kütləvi repressiyaların dayandırılması ilə əlaqələndirilsə də, Rusiyada diqqət əsasən kosmik nailiyyətlərə - 1957-ci ildə ilk süni peykin orbitə buraxılması və 1961-ci ildə Yuri Qaqarinin kosmosa uçuşuna yönəlir. Xruşşovun Stalin cinayətlərini ifşa etməsi isə ictimai marağın periferiyasında qalır.

"Gizli məruzə" və onun nəticələri

25 fevral 1956-cı ildəki çıxış Sov.İKP-nin XX qurultayının kulminasiyası olub. İclas qapalı keçirilib, müzakirə nəzərdə tutulmayıb. Xruşşovun çıxışı nümayəndələr üçün gözlənilməz olub və şahidlərin sözlərinə görə, onları şoka salıb.

Onun əsas məqsədi ardıcıl destalinizasiya yox, partiyadakı mövqelərini möhkəmləndirmək və Stalinin ölümündən sonra başlayan daxili mübarizədə əlavə dəstək qazanmaq idi. Bu səbəbdən Xruşşov diqqəti şəxsiyyətə pərəstişə və 1930-cu illərin "təmizləmələri" zamanı partiya kadrlarına qarşı repressiyalara yönəldib.

O, həmçinin çeçenlər, inquşlar, balkarlar və digər xalqların deportasiyasına toxunub, 1952-ci ildəki "həkimlər işi" kampaniyasını xatırladıb. Lakin çıxış selektiv xarakter daşıyıb - siyasi konjunkturaya uyğun olaraq bəzi mövzular ya ümumiyyətlə qeyd olunmayıb, ya da üstüörtülü təqdim edilib.

Məruzə 1989-cu ilə qədər SSRİ-də rəsmi şəkildə dərc olunmasa da, 1956-cı ilin yazından etibarən zavodlarda, fabriklərdə və ali məktəblərdə oxunmağa başlanıb. Reaksiya ziddiyyətli - ümiddən qəzəbə qədər olub. Xruşşovun çıxışı "yumşalma" dövrünün başlanğıcını qoyub və Stalin tərəfindən qurulan sistemin ideoloji əsaslarını ciddi şəkildə zəiflədib.

Müəllif hesab edir ki, Stalinin dayağı olan qorxu və susqunluq mühiti sonradan da hakimiyyət üçün mühüm alət olaraq qalıb. Bu gün Rusiya hakimiyyətinin Xruşşovun çıxışının 70 illiyini demək olar ki, görməməzliyə vurması da həmin siyasi xəttin davamı kimi qiymətləndirilə bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər