Fransada tibbi proqram təminatı hazırlayan "Cegedim" şirkətinə qarşı kiberhücum nəticəsində 15 milyon vətəndaşın şəxsi məlumatları sızdırılıb.
Moderator.az-ın "France 2" telekanalına istinadən verdiyi xəbərə görə, kibercinayətkarların əlinə adi pasiyentlərlə yanaşı, tanınmış siyasətçilərin, o cümlədən prezidentliyə namizədlərin məlumatları da keçib.
Məlumat bazasına icazəsiz giriş 2025-ci ilin sonlarında aşkarlanıb. Şirkət bildirib ki, onların proqramından 3.8 min həkim istifadə edir, birbaşa zərər isə təxminən 1.5 min tibb işçisinə dəyib.
Hakerlər, əsasən, pasiyentlərin ad, yaş, cins və əlaqə məlumatlarını əldə ediblər. Fransa Səhiyyə Nazirliyinin məlumatına görə, 169 min dosyedə sağlamlıq vəziyyəti, o cümlədən HİV-status və digər həssas məlumatlar yer ala bilər.
Hazırda insidentlə bağlı araşdırma aparılır. Qurum nəticələrin bütün detalları dəqiqləşdirildikdən sonra açıqlanacağını bildirib.