"Ötən gün İran və ABŞ nümayəndə heyətləri arasında Cenevrədə keçirilən danışıqlara baxmayaraq, iki ölkə arasında müharibə riski kifayət qədər yüksək qiymətləndirilir".
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
"İran rəsmiləri və hərbçilərinin müharibə başlayacağı təqdirdə, ABŞ-yə "unudulmaz dərs" verəcəkləri barədə kəskin bəyanatlarına baxmayaraq, bu ölkənin dünyanın ən güclü ordusuna malik ABŞ qarşısında duruş gətirə biləcəyi inandırıcı görünmür. Üstəlik, buraya ABŞ-nin regiondakı müttəfiqi İsrailin də yetərincə qüdrətli hərbi arsenalını əlavə etmək lazımdır. Bu vəziyyətdə ortaya çıxan ən mühüm suallardan biri də budur ki, ABŞ İrana hücum etmək qərarı verərsə, İranı kim müdafiə edəcək? Hansı ölkə və ya qüvvə ABŞ-nin regiona topladığı nəhəng hərbi güc qarşısında Tehranın dayana bilməsi üçün ona kömək göstərəcək? Əlbəttə, bu sualla bağlı ilk ağla gələn ölkələr İranın strateji müttəfiqi sayılan, ABŞ ilə də qlobal rəqabətdə olan Çin və Rusiyadır. Amma ötən ilin iyun ayında baş vermiş 12 günlük müharibənin təcrübəsi göstərir ki, bu ölkələrin İrana yardımı siyasi dəstəkdən uzağa getməyəcək. Həmin dövrdə İrana dost sayılan bu dövlətlərin Tehrana real hərbi kömək göstərmədiyi barədə acı həqiqət sonradan İranda həm rəsmi, o cümlədən prezident səviyyəsində, həm də ictimai müzakirələrdə dilə gətirilib", - deyə materialda bildirilib.