Dünya
37
21:45, Bu gün

"Biz Epşteyn dünyasında yaşayırıq? Qalmaqal Qərb elitalarının əxlaqi çöküşünü üzə çıxardı" - "The New Yorker"

"Güc, cəzasızlıq və müasir dünyanın qaranlıq aynası..."

Ceffri Epsteyn qalmaqalı artıq təkcə bir cinayət işi deyil, Qərb cəmiyyətlərində hakimiyyət və məsuliyyət anlayışlarının sarsılmasıdır. 

Moderator.az xəbər verir ki, bu barədə "thenewyorker.com" nəşri yazıb.

Qalmaqalın rəmzə çevrilməsi

Nəşr yazır ki, Epşteynin illərlə siyasətçilər, milyardçılar və nüfuzlu şəxslərlə qurduğu əlaqələr cəmiyyətdə belə bir təsəvvür yaradıb ki, güc və pul bəzən qanundan üstün ola bilər. Bu isə geniş ictimaiyyətdə dərin inamsızlıq doğurub: əgər bu qədər yaxınlıq və təsir imkanı varsa, ədalət doğrudan da hamı üçün eynidirmi?

Onun ətrafında dolaşan faktlar, şəxsi ada və təyyarə ilə bağlı iddialar, qapalı dairələrdə baş verən hadisələr elitaya qarşı inamsızlığı dərinləşdirib. Qalmaqal nəticə etibarilə fərdi məsuliyyətdən daha geniş - sistemə inam məsələsinə çevrilib.

Elitaya qarşı qəzəb və siyasi dalğa

Məqalədə qeyd edilir ki, Epşteyn hadisəsi onsuz da mövcud olan narazılığı gücləndirib. 2008-ci il maliyyə böhranından sonra "qlobal 1 faiz" anlayışı geniş yayılıb, sərhədlərdən kənarda fəaliyyət göstərən kosmopolit elita təsəvvürü möhkəmlənib. Politoloq Samuel Hantinqton vaxtilə bu təbəqəni "Davos adamları" kimi xarakterizə edib.

Bu ovqat ABŞ-da siyasi dəyişikliklərlə də üst-üstə düşüb. Donald Tramp öz ritorikasında məhz həmin "çürümüş sistemi" hədəfə alıb və elitalara qarşı qəzəbi siyasi kapitala çevirib. Epşteyn qalmaqalı isə bu narrativləri daha inandırıcı göstərib: cəmiyyətin bir hissəsi üçün o, gizli şəbəkələrin real sübutu kimi qəbul olunub.

İnformasiya dövrü və inam böhranı

Epşteyn işi həm də informasiya erasının məhsuludur. Milyonlarla sənədin yayılması, sosial şəbəkələrdə kollektiv araşdırmalar və saysız-hesabsız fərziyyələr faktla şayiə arasındakı sərhədi bulanıqlaşdırıb. Bu mənzərə 2002-ci ildə "The Boston Globe"-un araşdırması ilə üzə çıxan kilsə qalmaqalını və 2017-ci ildə "The New York Times" ilə "The New Yorker"-in ifşa etdiyi Harvi Vaynşteyn işini - nüfuzlu strukturlar daxilində gizlədilən sistemli sui-istifadəni xatırladır.

Epşteyn və onun yaxın çevrəsində olan Gisleyn  Maksvelin işi isə bu meyli daha da kəskinləşdirib. Nəticədə əsas sual açıq qalır: problem ayrı-ayrı şəxslərdə, yoxsa sistemin özündədir? Məqalə müəllifi belə qənaətə gəlir ki, bu qalmaqal müasir Qərb cəmiyyətində ən dərin böhranı - elita ilə ictimaiyyət arasındakı inam uçurumunu üzə çıxarıb. Əgər vətəndaşlar ədalətin hamı üçün işlədiyinə inanmırsa, demokratiyanın dayaqları da zəifləyir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər