Dünya
96
21:10, Bu gün

"İranın nüvə proqramından nə qalıb və o, nə qədər təhlükə törədir?" - BBC

"Müharibə zərbələrindən sonra İranın nüvə proqramının real durumu və mümkün risklər..."

İranın nüvə proqramı yenidən beynəlxalq gündəmdədir. ABŞ regionda hərbi mövcudluğunu artırıb və Vaşinqton Tehranın yeni razılaşmaya getməyəcəyi halda zərbə variantını istisna etmir. 

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Prezident Donald Tramp bildirib ki, İranın nüvə silahı əldə etməsinə yol verilə bilməz. Tehran isə bomba hazırlamaq niyyətini inkar edir, lakin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və Qərb ölkələri tam əmin deyil.

Zərbələrdən sonra vəziyyət

Ötən ilin iyununda İsrail-İran qarşıdurması zamanı İsfahan, Natanz və Fordo obyektləri vurulub. Tramp onların "tam məhv edildiyini" desə də, MAQATE rəhbəri Rafael Qrossi obyektlərin ciddi zərər gördüyünü, lakin tam sıradan çıxmadığını açıqlayıb.
Hücumlar ərəfəsində İranın 60 faizə qədər zənginləşdirilmiş 440 kq uranı var idi. Bu həcm əlavə zənginləşdirmə ilə təxminən 10 bomba üçün kifayət edə bilərdi.
Problem ondadır ki, MAQATE  zərbə dəymiş əsas obyektlərə çıxış əldə etməyib və ehtiyatların taleyi qeyri-müəyyəndir.

Proqram necə bu mərhələyə çatıb?

İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvüdür və proqramının dinc məqsədli olduğunu bildirir. MAQATE isə 2003-cü ilə qədər hərbi komponentlərlə bağlı fəaliyyətlərin mövcud olduğunu açıqlayıb. 2015-ci ildə imzalanmış sazişlə zənginləşdirmə 3,67 faizlə məhdudlaşdırılıb. Lakin 2018-ci ildə Tramp razılaşmadan çıxıb və sanksiyaları bərpa edib. İran isə buna cavab olaraq zənginləşdirməni 60 faizə qaldırıb və Fordoda fəaliyyəti bərpa edib. 2025-ci ilin iyununda MAQATE İranı rəsmi öhdəlik pozuntusunda ittiham edib, ardınca İsrail zərbələrə başlayıb.

İran bomba yarada bilərmi?

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin əvvəlki qiymətləndirməsinə görə, İran kifayət qədər silah səviyyəli uranı qısa müddətdə, hətta bir həftədən az vaxtda istehsal edə bilərdi. Lakin uranı uranı silaha çevirmək ayrıca mürəkkəb mərhələlər tələb edir. İsrail İranın bu istiqamətdə irəliləyiş əldə etdiyini iddia etsə də, Qrossi aktiv silah proqramına dair sübut görmədiyini bildirib.

Niyə İranın nüvə silahı bu qədər önəmlidir?

Qərb liderləri hesab edir ki, nüvə silahlı İran Yaxın Şərqdə güc balansını dəyişə, Səudiyyə Ərəbistanı ilə silahlanma yarışını sürətləndirə və regionda gərginliyi artıra bilər. Böyük Britaniyanın baş naziri Kir Starmer bunu region sabitliyi üçün ciddi təhlükə adlandırıb. Ekspertlərə görə, ən real ssenari dərhal müharibə yox, qarşılıqlı çəkindirmə modeli ola bilər. Lakin əsas risk böhran anında yanlış hesablamadır. Buna görə diplomatik razılaşma hələ də ən təhlükəsiz çıxış yolu sayılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər