Dünya
58
19:50, Bu gün

"Orban seçkilər öncəsi Avropa İttifaqı və Ukrayna ilə açıq qarşıdurmaya gedir" -  "Bloomberg"

"Macarıstan baş naziri anti-Ukrayna xəttini sərtləşdirir, Brüssel isə narazıdır..."

Macarıstanda parlament seçkilərinə yeddi həftədən az vaxt qalıb və baş nazir Viktor Orban kampaniyada radikal anti-Ukrayna xəttini ön plana çıxarır. 

Moderator.az xəbər verir ki, bu barədə "bloomberg.com" nəşri yazıb.

Nəşr yazır ki, Orban Avropa İttifaqının (Aİ) Kiyevə yardım paketlərini və Rusiyaya qarşı 20-ci sanksiya paketini bloklayaraq "va-bank" oynayır. Müstəqil sorğulara görə, Orbanın rəhbərlik etdiyi "Fides" partiyası əsas rəqibindən 20 bənd geri qalır. 16 illik hakimiyyətin tarixi məğlubiyyətlə başa çata biləcəyi ehtimalı baş naziri daha sərt mövqe tutmağa sövq edir. Əvvəllər Brüssellə bazarlığa gedən Orban indi zəif görünməkdən çəkinərək kompromisdən uzaq dayanır.

90 milyardlıq paket və "neft blokadası"

Macarıstan Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq kredit paketinin və yeni sanksiyaların qəbulunu ləngidir. Bu isə Kiyev üçün ciddi maliyyə riski yaradır. Gərginliyin son mərhələsi yanvarda Qərbi Ukrayna ərazisindən keçərək Macarıstan və Slovakiyaya Rusiya nefti daşıyan "Drujba" boru kəmərinə hücumdan sonra başlayıb.

Orban və Slovakiya baş naziri Robert Fitso Kiyevi təmir prosesini uzatmaqda ittiham ediblər. Ukrayna isə bərpanın vaxt tələb etdiyini bildirir. Orban Ukraynanı və Aİ-dəki tərəfdarlarını "müharibə qızışdıranlar" adlandıraraq ölkəsini münaqişədən kənarda saxlayacağını bəyan edib. O, enerji infrastrukturunun mühafizəsini gücləndirib və Ukrayna ilə sərhəd bölgəsində dron uçuşlarını qadağan edib.

Brüsseldə xüsusi narazılıq doğuran məqam isə Orbanın dekabr sammitində özü də təsdiqlədiyi maliyyə paketini indi bloklamasıdır. Bu fonda Aİ Komissiyasının prezidenti Ursula von der Lyayenin Kiyevə səfəri əsasən simvolik xarakter daşıyıb. Aİ diplomatiyasının rəhbəri Kaya Kallas vəziyyəti "çox təəssüf doğuran" adlandırsa da, sonda razılıq əldə olunacağına ümid etdiyini bildirib.

Seçki yaxınlaşır, "Tisa" sürətlə yüksəlir

Apreldə keçiriləcək seçkilər Orban üçün siyasi taleyüklü sınaq sayılır. "Median"-ın sorğusuna görə, Peter Madyarın rəhbərlik etdiyi "Tisa" partiyası qərarlı seçicilər arasında 55 faiz dəstək qazanaraq "Fides"i (35 faiz) qabaqlayır. Bu, müstəqil sosioloqların qeydə aldığı ən böyük fərqdir.

Macarıstan forinti sorğu nəticələrindən sonra avroya nisbətdə möhkəmlənib. Analitiklər hesab edir ki, Orbanın sərt anti-Kiyev ritorikası həm də zəif iqtisadi artım, yüksək inflyasiya və daxili qalmaqallar fonunda diqqəti yayındırmaq məqsədi daşıyır.

Moskva ilə tərəfdaşlıq xətti

Orban Aİ daxilində Kremlin əsas müttəfiqi kimi çıxış etməsini müdafiə edir və Rusiya ilə enerji əməkdaşlığını ölkə üçün iqtisadi üstünlük kimi təqdim edir. Macarıstan bir çox Aİ ölkələrindən fərqli olaraq Rusiyadan ucuz neft idxalını davam etdirir.

Beləliklə, seçkilər öncəsi Orban Brüssel və Kiyevlə açıq qarşıdurma riskini artıraraq daxili elektoratı səfərbər etməyə çalışır. Lakin sorğular göstərir ki, bu strategiya onun hakimiyyətdə qalmasına zəmanət vermir. Aprel seçkiləri həm Macarıstanın, həm də Aİ-nin siyasi kursu üçün həlledici ola bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər