Sindi Makkeyn BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri vəzifəsindən istefa vermək niyyətindədir.
Moderator.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Səlahiyyət müddətimi başa vuracağıma ümid edirdim, lakin sağlamlığım bu vəzifənin böyük tələblərinin öhdəsindən tam şəkildə gəlməyimə imkan verəcək səviyyədə bərpa olunmadı. Bu, indiyədək qəbul etməli olduğum ən çətin qərarlardan biridir", - o yazıb.
Qeyd edək ki, mərhum respublikaçı senator Con Makkeyinin həyat yoldaşı olan Sindi Makkeyn ərzaq və kənd təsərrüfatı məsələləri üzrə BMT agentlikləri yanında ABŞ səfiri kimi fəaliyyətindən sonra 2023-cü ildən bu vəzifədə çalışırdı.
O, oktyabr ayında insult keçirib. Ümumdünya Ərzaq Proqramının bəyanatına əsasən, onun tam sağalması gözlənilirdi. Sindi Makkeyn reabilitasiya üçün Arizona ştatındakı evinə qayıtmışdı və həkimlərin icazəsini aldıqdan sonra təşkilatın Romadakı baş qərargahına geri dönməyi planlaşdırırdı.