Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) hesabatına görə, 2025-ci ildə silahlı münaqişələrdə 129 jurnalist öldürülüb.
Moderator.az xəbər verir ki, bu 2024-cü ildəki göstəricidən (124 jurnalist) çoxdur.
Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Qəzza zolağında 86 media işçisi öldürülüb ki, bunların 60%-dən çoxu döyüşləri işıqlandıran fələstinli jurnalistlər olub.
Ötən il Sudanda 9, Ukraynada isə 4 jurnalist öldürülüb.
Hesabatda həmçinin media nümayəndələrinə qarşı hücumlarda dronlardan istifadənin kəskin şəkildə artdığı qeyd olunur: 2023-cü ildə iki hadisə ilə müqayisədə 2025-ci ildə 39 belə hadisə qeydə alınıb. Silahlı münaqişələrlə yanaşı, mütəşəkkil cinayətkarlıq jurnalistlər üçün ciddi təhlükə yaratmağa davam edir. 2025-ci ildə Meksikada 6 jurnalist öldürülüb, oxşar hadisələr Hindistan və Peruda da qeydə alınıb.
Jurnalistləri Müdafiə Komitəsi günahkarların məsuliyyətə cəlb edilmədiyini vurğulayıb. Təşkilat beynəlxalq ictimaiyyəti jurnalistləri qorumaq üçün tədbirləri gücləndirməyə və media nümayəndələrinə qarşı cinayətləri araşdırmağa çağırır.