ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın neft ixracatçılarına və silah istehsalçılarına qarşı sanksiyalar tətbiq edib.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Sanksiyalar İran neftinin və neft məhsullarının qanunsuz satışında, həmçinin ballistik raketlərin və müasir adi silahların istehsalında iştirak edən 30-dan çox fiziki və hüquqi şəxsə, eləcə də gəmilərə şamil edilib.
Xüsusi diqqət İranın kölgə donanmasına daxil olan gəmilərə yönəldilib. Bu donanma nefti xarici bazarlara daşıyır və rejimin daxili repressiv aparatının maliyyələşdirilməsi, terror qruplaşmalarına dəstək və silah proqramlarının həyata keçirilməsi üçün əsas gəlir mənbəyi hesab olunur.
Bundan əlavə, İslam İnqilabı Keşikçiləri Korpusunu və İranın Müdafiə Nazirliyini raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalının bərpası üçün material və avadanlıqla təmin edən, o cümlədən PUA-ların üçüncü ölkələrə ixracı daxil olmaqla fəaliyyət göstərən şəbəkələrə qarşı tədbirlər görülüb.
2025-ci ildə kampaniya çərçivəsində OFAC artıq İranın 875-dən çox şəxsinə, gəmisinə və hava gəmisinə qarşı sanksiya tətbiq edib.