Trampın miqrasiya siyasətinin yeni mərhələsi: banklardan vətəndaşlıq sorğusu tələb olunacaq
Dünya
39
16:37, Bu gün

Trampın miqrasiya siyasətinin yeni mərhələsi: banklardan vətəndaşlıq sorğusu tələb olunacaq

ABŞ Prezidenti Donald Trampın administrasiyası bankların müştərilərdən vətəndaşlıqları barədə məlumat tələb etməsini məcburi etmək imkanını nəzərdən keçirir.

Moderator.az "İnterfaks"a istinadən xəbər verir ki, müvafiq məlumatı "The Wall Street Journal" (WSJ) nəşri dərc edib.

Məlumatda vurğulanıb ki, bu tədbir Trampın qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində nəzarətin gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin növbəti mərhələsi olacaq.

Ölkənin maliyyə qurumları artıq indidən gəlirlərin leqallaşdırılması və digər hüquqpozmalarla mübarizəyə yönəlmiş "müştərini tanı" normalarına uyğun olaraq onlar barədə müəyyən məlumatları əldə etmək öhdəliyi daşıyırlar. Bir qayda olaraq, söhbət pasport məlumatlarının və sosial sığorta nömrələrinin toplanmasından gedir. Bununla belə, mövcud normativlər məhz vətəndaşlıq haqqında məlumatın məqsədyönlü şəkildə əldə edilməsi tələbini ehtiva etmir və banklar bu cür məlumatları dövlət qurumlarına ötürməyə borclu deyillər.

Bundan əlavə, ABŞ qanunvericiliyi bu ölkənin vətəndaşlığına malik olmayan şəxslərə bank hesablarının açılmasını qadağan etmir.

Maliyyə Nazirliyində işlənmə mərhələsində olan təşəbbüs kredit təşkilatları üçün vətəndaşlığı təsdiqləmək məqsədilə müştərilərdən pasportlar da daxil olmaqla, əlavə sənəd kateqoriyasını tələb etmək öhdəliyinin tətbiqini nəzərdə tutur. Bu tələb həm yeni müştərilərə, həm də artıq banklarda xidmət göstərilən və hesablarını saxlamaq niyyətində olanlara şamil ediləcək.

WSJ qeyd edib ki, bu təşəbbüsün müzakirəsi bank sektorunda ciddi narahatlıq yaradıb və sektor nümayəndələri bu cür tədbirlərin həyata keçirilməsi üçün kifayət qədər hüquqi əsasların olmasına şübhə ilə yanaşırlar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər