"Uşaqlıqdan fərdi proqramlar və qeyri-adi uğurlar: Belçika-Niderland mənşəli vunderkindin hekayəsi..."
Lorаn Simons cəmi 15 yaşındadır və artıq doktorluq dissertasiyasını müdafiə edib. Onun hekayəsi vunderkindlərə xas olan bütün elementləri özündə cəmləyir: fərdi təhsil proqramları, universitetlərlə problemlər, "oğurlanmış uşaqlıq" və bəzi ittihamlar.
Moderator.az xəbər verir ki, bu barədə "bild.com" nəşrir yazıb.
Uşaqlıq və erkən təhsil
Nəşr yazır ki, gənc yaşına baxmayaraq, Loran bir çox çətinlikləri dəf edib və öz həyatını tam nəzarət altında saxladığını deyir. Loran Simons 2009-cu ildə Belçikada doğulub. Körpəlikdə valideynləri Amsterdamda stomatoloq işlədiyindən uşağı nənəsi və babası böyüdüb. Onlar tezliklə Lorаnın qeyri-adi istedadını görüb və onun təhsilini xüsusi fərdi proqramla təşkil ediblər.
Cəmi 4 yaşında məktəbə başlayan Loran iki ilə ibtidai proqramı bitirib. IQ-sü 145, fotoqrafik yaddaşı isə ona gördüyü və eşitdiyi hər şeyi uzun müddət yadda saxlamağa imkan verirdi. 6 yaşında ailəsinin yanına Amsterdamda köçərək gimnaziyada fərdi proqram üzrə təhsil alıb. Məktəbdə yaşıdları ilə yaş fərqi olmasına baxmayaraq, onun mehriban və çevik xarakteri zorakılıq və təzyiqin qarşısını alıb.
Gənc yaşda ali təhsil və uğurlar
Loran 8 yaşında məktəbi bitirərək Eyndhoven Texniki Universitetinə daxil olub. 9 yaşında bakalavr səviyyəsində təhsil almağa çalışsa da, universitet onu bütün diplom işlərinə vaxtında buraxmayıb. Nəticədə o, sənədlərini götürərək Antverpen Universitetinə keçib və burada fizika üzrə təhsil alıb.
11 yaşında bakalavr, 12 yaşında isə magistr dərəcəsi alıb.
2025-ci ilin noyabrında, 15 yaşında, doktorluq dissertasiyasını uğurla müdafiə edib. Mövzusu "İfrat axan və ifrat bərk maddələrdə Bose polaronları" olub. Bu uğur onun dünyanın ən gənc doktorlarından biri olmasına səbəb olub, baxmayaraq ki, iki əsr öncə tarixdə 13 yaşında Hissen Universitetində doktor dərəcəsi alan Karl Vitte kimi riyaziyyatçı da olub.
Gələcək planlar və adi həyat
Loran hazırda Münhen Universitetində ikinci doktorantura üzrə tədqiqat aparır. Tədqiqat sahəsi tibbi elmlər və süni intellektdir. O, böyük tibbi məlumatları emal etmək üçün süni intellektdən istifadə edərək DNT-dəki yaşlanma proseslərini öyrənməyi və biouyğun protezlər və süni orqanlar yaratmağı planlaşdırır.
Həmçinin kvant kompüterlərindən istifadə edərək tibbdə məlumat emalını sürətləndirmək və nanorobotlar vasitəsilə dərmanların dəqiq çatdırılmasını həyata keçirmək niyyətindədir. Bütün uğurlarına baxmayaraq, Loran həftəsonları adi yeniyetmə kimidir: videooyun oynayır, serial izləyir, Sammi adlı itinə baxır və nadir hallarda üzgüçülük edir. O, zarafatla özünü "tənbəl" adlandırır, çünki gündəlik idman fəaliyyəti yalnız nadir hallarda baş verir.