İran Çin ilə CM-302 gəmi əleyhinə qanadlı raketlərin alınmasına dair saziş bağlamağa yaxındır.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi iki ölkə arasındakı danışıqlardan xəbərdar olan altı mənbəyə istinadən məlumat yayıb.
Təxminən 290 km mənzilə malik raketlər aşağı hündürlükdə uçuş və yüksək sürət hesabına gəmilərin müdafiə sistemlərini yarmaq üçün nəzərdə tutulub. Ekspertlərin fikrincə, onların yerləşdirilməsi İranın zərbə imkanlarını gücləndirəcək və regiondakı ABŞ Hərbi Dəniz Qüvvələri üçün əlavə risklər yaradacaq.
"İranın müttəfiqləri ilə hərbi və təhlükəsizlik sahəsində sazişləri, razılaşmaları var və indi onlardan yararlanmaq üçün uyğun vaxtdır", - deyə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi agentliyə bildirib.
Çin Xarici İşlər Nazirliyi "Reuters"ə bildirib ki, danışıqlar barədə məlumata malik deyil. Çin Müdafiə Nazirliyi də həmçinin şərh verməyib.