Dünya
135
20:55, Bu gün

"Tbilisidə Saakaşvili və müxalifətə qarşı yeni məhkəmə prosesi başlayıb" -  "Deutsche Welle"

"Keçmiş prezident və yeddi müxalif siyasətçi "dövlət sabotajı" ittihamı ilə mühakimə olunur, müxalifət prosesi siyasi motivli adlandırır..."

Fevralın 23-də Tbilisi Şəhər Məhkəməsi "dövlət sabotajı" işi üzrə baxışa mahiyyəti üzrə start verib. Təqsirləndirilənlər arasında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və yeddi müxalif siyasətçi var.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.

Müxalifətə qarşı yeni ittihamlar

İttihama görə, onlar 2024-cü il parlament seçkilərindən sonra yaranmış siyasi böhran fonunda dövlət sabitliyini sarsıtmağa cəhd göstəriblər. Müxalifət ittihamları rədd edir və prosesi siyasi sifariş sayır. İclasda prosessual məsələlərə və qətimkan tədbirlərinə baxılıb. Vəkil ilə hakim arasında mübahisədən sonra iclasın qalan hissəsinin qapalı keçirilməsi qərara alınıb.

Həbsdə olan Saakaşvili çıxışına əvvəlcə Ukrayna dilində icazə istəyib. O, Ukrayna vətəndaşı olduğunu və mövqeyini əvvəlcə ukraynaca, sonra gürcü dilində ifadə etmək istədiyini bildirib. Hakim isə ondan gürcü dilində danışmağı tələb edib. Keçmiş prezident çıxışında müxalif qüvvələri birliyə çağırıb və bildirib ki, düşmənə qalib gəlməyin yeganə yolu birlikdir.

İttihamlar və mümkün cəzalar

2025-ci ilin noyabrında qaldırılmış iş üzrə səkkiz nəfər təqsirləndirilir: Mixail Saakaşvili, Georgi Vaşadze, Nika Qvaramia, Nika Melia, Zurab Caparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Caparidze.

Prokurorluq iddia edir ki, onlar hakim "Gürcü Arzusu"na qarşı beynəlxalq sanksiyalara səbəb ola biləcək məlumatlar yayıb və ölkənin iqtisadiyyatı ilə bağlı informasiyaları xarici subyektlərə ötürüblər.

Saakaşvili konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışda, digərləri isə sabotaj və xarici dövlətə yardım maddələri ilə ittiham olunur. Ən ağır maddələr üzrə 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.

23 fevral iclasında Nika Qvaramia barəsində 30 min lari girov seçilib, ölkədən çıxışı qadağan edilib və pasportu götürülüb. O, konkret hansı əmələ görə ittiham olunduğunu bilmədiyini deyib və qərarı siyasi adlandırıb.

Siyasi proses və reaksiyalar

"Vahid Milli Hərəkat" nümayəndələri prosesi müxalifətə qarşı təqib adlandırır. Siyasi şərhçi Gela Vasadze isə hesab edir ki, ittihamların hüquqi əsasları əvvəlkilərlə müqayisədə daha zəif görünür.

Buna baxmayaraq, proses cəmiyyətdə kəskin reaksiya doğurmayıb. Analitiklərin fikrincə, Saakaşvili cəmiyyətdə birmənalı fiqur deyil və ölkədə hakimiyyətin dəyişməsinin hüquqi mexanizmləri getdikcə çətinləşir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər