Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf İdarəsi Rusiyaya qarşı sanksiyalar siyahısını 297 mövqe üzrə yeniləyib. Belə ki, 240 hüquqi şəxs, 7 fiziki şəxs və 50 gəmi barəsində məhdudiyyətlər tətbiq edib.
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında məlumat verilib.
Böyük Britaniya XİN bu sanksiya paketini müharibənin ilk aylarından bəri qəbul edilmiş ən böyük siyahı adlandırıb.
Məhdudiyyətlərə aşağıdakılar daxil edilib:
- "Avers Bank", "Toçka Bank", "Poçta Bank", "Fora-Bank", "Ak Bars", "Lanta-Bank", "Sinara Bank", "Absolyut Bank" və "Transkapitalbank";
- "Rosatom enerji layihələri" ASC və "Rusatom Overseas";
- "Transneft";
- "Novatek"in "Crioqaz-Vısotsk" və "Gazprom LNG Portovaya" maye qaz (LNG) zavodları;
- BƏƏ-dən 142 şirkət, Çindən 39, Tailanddan 3 və Hindistandan 2 şirkət;
- Varşavada yerləşən "Alliance Capital".
Böyük Britaniya hakimiyyəti həmçinin Gürcüstanın "Imedi TV" və "POSTV" telekanallarını da sanksiyalar siyahılarına daxil edib.
Sənəddə bildirilir ki, bu telekanallar Ukrayna münaqişəsi ilə bağlı "qəsdən yanıldıcı məlumat yayıblar".