"Daxili və xarici siyasət, ticarət müharibələri və maliyyə qeyri-müəyyənliyi dolların mövqeyinə ciddi zərbə vurub..."
Hələ bir il əvvəl ekspertlər deyirdilər ki, Tramp nə etsə də dolların qlobal rezerv valyuta statusu təhlükədə deyil. Lakin cəmi bir ildə onun sözləri və hərəkətləri bu fikri alt-üst etdi.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
Dolların mövqeyi sarsılır
Son aylarda həm iqtisadçılar, həm də xarici investorlar, o cümlədən ABŞ-ın dostu olan Avropa və Yaponiya investorları dolların etibarlılığına şübhə ilə yanaşırlar. Son onilliklərdə dolların hegemonluğu ABŞ-ın iqtisadi, siyasi və hərbi üstünlüyünün nəticəsi olub.
Trampın aqressiv daxili və xarici siyasəti bu mövqeyi sual altına qoyub. Tarif müharibələri, müttəfiqlərə təhdidlər, miqrantlara hücumlar, Konqres və Mərkəzi Banka qarşı hücumlar, böyüyən borc və büdcə kəsiri ötən il dolların kursunu təxminən 10 faiz aşağı salıb və azalma yeni ildə də davam edib.
Ekspertlər bildirir ki, dollar hələ qlobal rezerv valyuta kimi statusunu qorusa da, gələcək üçün həssaslaşıb. Mark Sobel və Stiven Kamin qeyd edirlər: "Trampın xaotik siyasəti dolları gələcək sarsıntılara qarşı həssas edir." Robin Bruks əlavə edir: "Dollar zəif görünməyə başlayır, amma yaxın perspektivdə rezerv valyuta statusuna təhlükə yoxdur."
Daxili və xarici siyasət təsiri
Dolların hegemonluğuna zərbə ABŞ-ın etibarlı tərəfdaş imicinin pozulmasından da irəli gəlir. Sobel və Kamin bildirirlər: “Tarif isteriyası, Qrenlandiya və Panama təhdidləri, Avropada radikal sağçıların dəstəklənməsi, Putinə yumşaq yanaşma, NATO-nun zəifləməsi və Kanada ilə münaqişələr ABŞ-ın nüfuzunu azaldır". Trampın vergi endirimləri və Mərkəzi Banka hücumları borc və inflyasiya risklərini artırıb, dövlət istiqrazlarının etibarlılığına şübhə yaradıb. Daxildə isə prezidentin səlahiyyətləri genişləndirməsi və qanun üstünlüyünə müdaxilələri kapitalizmə inamı zəiflədir.
Xarici investorlar və gələcək risklər
ABŞ-ın cari xərcləri və rekord dövlət borcunu maliyyələşdirmək xarici investorların dollar aktivlərinə marağına bağlıdır. 2025-ci ildə Asiya, Çin və Yaxın Şərqdən gələn investorlar ABŞ istiqrazlarına alternativ axtarırlar. Valeri Urben "Bloomberg"-ə bildirib: "Keçmişdə dollar aktivlərinə investisiya edərkən valyuta riskinin sığortalanması barədə düşünmürdük, indi isə bu barədə açıq danışılır."
Analitiklər bildirir ki, dollar hələ qırılmaz deyil. Trampın Mərkəzi Banka müdaxiləsi və büdcə paylamaları dolların mövqeyinə əlavə təzyiq yarada bilər. Sobel və Kamin vurğulayırlar: "Dolların vəziyyəti bərpa edilə bilər, amma Trampın siyasətinin vurduğu zərbə izsiz ötüşməyəcək. Nəticələr yalnız dolların hegemonluğunu itirməsi ilə kifayətlənməyəcək, ABŞ və dünya iqtisadiyyatının stabilliyi də risk altına düşəcək".