Meksikanın Xalisko ştatında "Jalisco New Generation Cartel" ("Xalisko Yeni Nəsil") narkokartelinin rəhbəri "El Menço" ləqəbli Nemesio Ruben Osegeranın xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilməsindən sonra kartel üzvlərinin hücumları nəticəsində 25 Milli Qvardiya əməkdaşı həlak olub.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsiya Arfuş məlumat verib.
Onun sözlərinə görə, Xaliskoda altı hücum qeydə alınıb. Nəticədə 25 Milli Qvardiya əməkdaşı, bir mühafizəçi və ştatın Baş Prokurorluğunun bir əməkdaşı həyatını itirib. İğtişaşlar zamanı bir mülki qadın da həlak olub.
Qeyd edək ki, Xaliskoda toqquşmalar zamanı təhlükəsizlik qüvvələri 30 silahlını zərərsizləşdiriblər. Qonşu Miçoakan ştatında baş verən 13 hücum zamanı dörd cinayətkar öldürülüb, 15 hüquq-mühafizə əməkdaşı yaralanıb. Nazir əlavə edib ki, ölkənin yeddi ştatında iğtişaşlarla əlaqəsi olan 70 nəfər saxlanılıb.