Qırğızıstan qaçaq prezident Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyevin Fransada oliqarx Boris Berezovskidən aldığı villaya görə məhkəməyə müraciət edir.
Moderator.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov deyib.
“Fransanın cənub-şərqində Maksim Bakiyevin Berezovskidən aldığı “Şato-Qəsr” adlı bir villa var. Ədliyyə Nazirliyimiz 2023-cü ildən bəri bu işlə bağlı hüquqi prosedurlar həyata keçirir. Amma dərhal qeyd edim ki, məhkəmə işləri illərlə uzanır. Üstəlik, bu binanın gələcəkdə Qırğızıstana verilib-verilməyəcəyi hələ də məlum deyil. Hər şey Allahın əlindədir, görəcəyik, zaman göstərəcək”, - o bildirib.
Qeyd edək ki, sözügedən bahalı daşınmaz əmlak Fransanın cənub-şərqində aşkar edilib. Söhbət Bakiyevin bir vaxtlar ortağı, rusiyalı oliqarx Boris Berezovskinin adına qeydiyyatdan keçirdiyi “Şato-Qəsr”indən gedir. Berezovskinin ölümündən sonra əmlak rəsmi sahibsiz qalıb və Bakiyev onu öz adına qeydiyyatdan keçirə bilməyib.
Qırğızıstan hökuməti artıq iki ildir ki, qəsrin dövlət mülkiyyətinə qaytarılması üzərində işləyir.