Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiya siyasətinin davam etdiriləcəyini və tədbirlərin təkcə ona deyil, həm də onun ətrafına və ailə üzvlərinə şamil olunacağını bildirib.
Moderator.az Zelenskinin sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, o bu barədə "Zerkalo" nəşrinə müsahibəsində deyib.
"Lukaşenkoya qarşı sanksiyalar - ilk addımdır. Biz bu prosesi inkişaf etdirəcəyik və hazırda sanksiya siyasətinin davam etdirilməsi üçün hüquqi baza üzərində işləyirik. Bu, təkcə Lukaşenkoya deyil, həm də onun ətrafına, oğullarına və s. şamil olunacaq", - o bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna Lukaşenkonun Rusiyaya göstərdiyi bütün hərbi yardımı izləyəcək və ABŞ ilə diplomatik istiqamətə aktiv şəkildə qoşulacaq. O qeyd edib ki, əvvəllər Lukaşenko məsələsi ABŞ tərəfi ilə qaldırılmırdı, çünki Ukrayna tərəfi ABŞ-nin onunla əlaqə qurmaq və diplomatik nəticə əldə etmək niyyətində olduğunu görürdü. Lakin onun sözlərinə görə, hazırda Ukrayna bu prosesə qoşulur və bunu ABŞ ilə müzakirə etmək niyyətindədir.
Ukrayna Prezidenti həmçinin qeyd edib ki, Belarus ərazisində Rusiya ilə birgə hərbi təlimlərin keçirilməsi planlarından xəbərdardır. Onun sözlərinə görə, Ukrayna bu təlimləri diqqətlə izləyəcək, çünki daha əvvəl iri manevrlər Ukrayna ərazisinə hücumun başlaması ilə üst-üstə düşürdü. Zelenski vurğulayıb ki, bu, həm Ukrayna, həm də Belarus əhalisi üçün ciddi risklər yaradır.