Hindistan və ABŞ rəsmilərinin iki ölkə arasında müvəqqəti ticarət sazişinin hüquqi mətninin yekunlaşdırılması məqsədilə keçirilməsi planlaşdırılan üçgünlük görüşü təxirə salınıb. Görüşün fevralın 23-də Vaşinqton şəhərində başlaması nəzərdə tutulurdu.
Moderator.az bu barədə NDTV telekanalına istinadən xəbər verir.
Telekanal hökumət dairələrindəki mənbəyə istinadla bildirib ki, hər iki tərəf Hindistanın baş danışıqlarçısının və nümayəndə heyətinin səfərinin son hadisələr və onların mümkün nəticələri qiymətləndirildikdən sonra planlaşdırılmasının daha məqsədəuyğun olduğunu hesab edir. Görüş qarşılıqlı razılaşdırılmış yeni tarixə keçirilib.
Xatırladaq ki, Donald Tramp bütün ölkələrdən idxala 10 faiz rüsum tətbiqini nəzərdə tutan sərəncam imzalayıb. Sözügedən rüsumların fevralın 24-dən qüvvəyə minəcəyi və 150 gün müddətində tətbiq olunacağı bildirilir.