Dünya
389
18:01, Bu gün

"İsrail səfirinin bəyanatı ərəb və müsəlman dünyasında qəzəb fırtınası yaradıb" - "Al Jazeera"

"ABŞ-ın diplomatik yanlışlığı bölgədə gərginliyi artırır..."

ABŞ-ın İsraildəki səfiri Mayk Haka­binin açıqlamaları ərəb və müsəlman dünyasında kəskin reaksiyalara səbəb olub.

Moderator.az xəbər verir ki, bu barədə "aljazeera.com" nəşri məlumat yayıb.

Bəyanat və diplomatik fırtına

14 ölkə - BƏƏ, Misir, İordaniya, İndoneziya, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Oman, Bəhreyn, Livan, Suriya və Fələstin, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası birgə bəyanat yayaraq səfirin sözlərini qətiyyətlə pisləyib.

Xarici işlər nazirlikləri və beynəlxalq təşkilatlar səfirin açıqlamasını "təxribatçı" və "regionun sabitliyinə ciddi təhdid" kimi qiymətləndirdilər. Sənəddə vurğulanır ki, bu cür ifadələr beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərinə açıq-aşkar ziddir.

"İsrail torpaqlara iddia edir"

Mayk Haka­bi jurnalist Taker Karlsonun podkastında İsrailin "tarixi-müqəddəs torpaqlara" hüququ olduğunu iddia edib. O, İncil ayələrinə istinadla İsrailin Nil çayından Fərat çayına qədər uzanan ərazilərdə haqqı olduğunu bildirib və əlavə edib: "Onlar bütün bu torpaqları əldə etsələr, buna normal yanaşılmalıdır". Daha sonra Haka­bi sözlərini bir qədər ifrat səsləndirdiyini izah edərək, İsrailin bu torpaqları faktiki olaraq istəmədiyini söyləyib.

Ərəb və müsəlman ölkələrinin xarici işlər nazirləri səfirin sözlərini ABŞ prezidenti Donal­d Trampın Qəzzadakı münaqişənin həlli üçün təklif etdiyi planla ziddiyyət təşkil etdiyini bildirib. Trampın planı gərginliyi azaltmaq, siyasi həll üçün şərait yaratmaq və Fələstin xalqına müstəqil dövlət təmin etmək məqsədinə xidmət edir. Nazirliklər qeyd etdilər ki, səfirin bəyanatları bu məqsədləri sarsıdır, bölgədə gərginliyi artırır və təhrik xarakteri daşıyır.

Ərəb ölkələrinin sərt mövqeyi və diplomatik çağırışlar

Bəyanatda İsrailin işğal edilmiş Fələstin torpaqları və digər ərəb əraziləri üzərində heç bir suverenliyə malik olmadığı vurğulanıb. Həmçinin, Qərb Sahilinin ilhaqı və ya Qəzza bölgəsinin ayrılması cəhdlərinə qarşı qətiyyətli etiraz ifadə edilib, yəhudi məskunlaşmasının genişləndirilməsi siyasətinin davamının bölgədə zorakılığı artıracağı xəbərdarlığı edilib.

Xarici işlər nazirlikləri ABŞ səfirinə "belə təxribatçı açıqlamaları dayandırmaq" çağırışı edib və bölgədə sülh, sabitlik və qarşılıqlı hörmətin qorunmasının vacibliyini önə çəkiblər. Nazirliklər səfirin açıqlamalarının diplomatik gərginliyi artırmaqla yanaşı, həm də ərəb-İsrail münasibətlərinə ciddi zərbə vurduğunu bildirib.

Link kopyalandı!
Son xəbərlər