KİV: Xamenei ehtimal olunan hücum ssenariləri üçün təlimatlar verib
Dünya
140
17:33, Bu gün

KİV: Xamenei ehtimal olunan hücum ssenariləri üçün təlimatlar verib

İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ABŞ və ya İsrailin ehtimal olunan zərbələri nəticəsində öldürüləcəyi təqdirdə necə hərəkət etməli olduqları barədə yaxın ətrafına təlimatlar verib.

Moderator.az xəbər verir ki, "The New York Times" nəşri bu barədə məlumat yayıb.

Məlumata görə, plan özündə çoxsəviyyəli varislik qaydalarını və fövqəladə komandanlıq zəncirini əhatə edir. Bildirilir ki, ötən ay ölkə boyu keçirilən etiraz aksiyalarının ən qızğın çağında və ABŞ-nin artan hərbi təhdidləri fonunda Xamenei özünün çoxdankı sadiq tərəfdarı, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı və təcrübəli siyasətçi Əli Laricanini mərkəzi idarəetmə roluna yüksəldib. Bununla da o, faktiki olaraq dövlət işlərinin rəhbərliyinə gətirilib.

Nəşr yüksəkvəzifəli İran rəsmiləri, SEPAH üzvləri və sabiq diplomatlarla müsahibələrə istinadən yazır ki, Ə.Laricani o vaxtdan bəri etirazların yatırılmasına nəzarət edir, Vaşinqtonla həssas nüvə diplomatiyasını idarə edir, həmçinin Rusiya, Qətər və Oman da daxil olmaqla, müttəfiqlərlə koordinasiya işlərini həyata keçirir. Onun həmçinin ABŞ-nin ehtimal olunan zərbələrinə qarşı İranın müharibə planlamasına rəhbərlik etdiyi bildirilir.

Qeyd olunur ki, Xamenei əsas hərbi və siyasi postlar üçün çoxsəviyyəli varislər təyin edib, rabitə kəsiləcəyi və ya ona qarşı sui-qəsd ediləcəyi təqdirdə qərar qəbul etmək səlahiyyətini dar bir qrupa (etibarlı şəxslərdən ibarət çərçivəyə) həvalə edib. Əli Laricani yüksəkrütbəli şiə din xadimi olmadığı üçün Ali Rəhbərin ehtimal olunan varisi hesab edilməsə də, Xameneinin ən etibarlı böhran menecerlərindən biri kimi xarakterizə olunur.

Məqalədə həmçinin əlavə edilib ki, İran öz silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib, İraq yaxınlığında və Fars körfəzi boyu raket sistemləri yerləşdirib, potensial münaqişəyə hazırlıq məqsədilə hərbi təlimlər keçirib. Rəsmi olaraq isə Xamenei sərt ritorika nümayiş etdirərək, istənilən hücuma güclü cavab veriləcəyi barədə xəbərdarlıq edib.

Link kopyalandı!
Son xəbərlər