İndoneziyanın bir sıra əyalətlərində yarasalarda Nipah virusuna qarşı antitellər aşkarlanıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi bəyanat yayıb.
"Araşdırmalar göstərib ki, Medan, Qərbi və Şərqi Yava, eləcə də Qərbi Kalimantan əyalətlərində yarasalar arasında Nipah virusuna qarşı antitellərin yayılma səviyyəsi təxminən 18-30% təşkil edir", - deyə nazirlikdən bildirilib.
Qurum həmçinin qeyd edib ki, İndoneziyadakı donuzlarda bu virusa qarşı antitellər tapılmayıb.
Bundan əvvəl məlum olmuşdu ki, Nipah virusu heyvanlardan, məsələn, yarasa və donuzlardan insanlara keçə bilər. O tənəffüs sistemini zədələyir, ensefalitin inkişafına səbəb olur və vaxtında yardım göstərilmədikdə 75% hallarda ölümə gətirib çıxarır.
Yanvar ayında Nipah virusunun yayılması Hindistanın Kəlkütə şəhəri yaxınlığında qeydə alınıb. Hazırda beş nəfər bu virusa yoluxub, yüzə yaxın insan isə karantindədir. Xəstəliyin müalicəsi üçün hazırda hər hansı preparat və ya vaksin mövcud deyil.
(oxu.az)