Dünya
337
21 Feb 2026 | 23:16

"ABŞ Avropada senzuranı aşmaq üçün xüsusi portal hazırlayır" - "Reuters" 

"Bu layihə transatlantik münasibətlərdə yeni gərginlik yarada bilər..."

ABŞ Dövlət Departamenti Avropa və digər ölkə vətəndaşlarının öz hökumətləri tərəfindən bloklanan məzmuna çıxışını təmin etməyi hədəfləyən onlayn portal üzərində işləyir.

Moderator.az xəbər verir ki, bu barədə "reuters.com" nəşri məlumat yayıb.

Agentliyin üç mənbəyə istinadla yaydığı məlumata görə, "freedom.gov" ünvanında yerləşəcək platforma senzuranın aşılması vasitəsi kimi təqdim olunur. Mənbələrin sözlərinə görə, portal vasitəsilə "nifrət nitqi" və "terror təbliğatı" kimi təsnif edilərək məhdudlaşdırılan materiallara da giriş mümkün ola bilər.

Layihə çərçivəsində VPN funksiyasının tətbiqi müzakirə olunur - bu halda istifadəçi trafiki ABŞ IP ünvanı kimi göstəriləcək və rəsmi iddiaya görə, istifadəçi aktivliyi izlənməyəcək. Hazırda saytda "Azadlıq yaxınlaşır. İnformasiya gücdür. Söz azadlığı hüququnuzu geri qaytarın" mesajı yerləşdirilib.

Layihəyə ABŞ dövlət katibinin müavini Sara Rocers kuratorluq edir. Platformanın təqdimatının Munhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilməsi planlaşdırılsa da, tədbir təxirə salınıb. Gecikmənin səbəbləri açıqlanmır. Bildirilir ki, Dövlət Departamentində bəzi əməkdaşlar, o cümlədən hüquqşünaslar təşəbbüslə bağlı narahatlıq ifadə edib.

Müttəfiqlərlə münasibətlərdə risk

Ekspertlərin fikrincə, belə bir portalın işə salınması ABŞ administrasiyası ilə ənənəvi Avropa müttəfiqləri arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirə bilər. Ticarət mübahisələri, Ukrayna müharibəsi və Vaşinqtonun Qrenlandiya ilə bağlı planları fonunda əlavə fikir ayrılığı ehtimalı istisna edilmir. 

Hüquqşünaslar hesab edir ki, ABŞ faktiki olaraq digər ölkə vətəndaşlarını yerli qanunları pozmağa təşviq edən tərəf kimi görünə bilər. Dövlət Departamentinin rəsmi nümayəndəsi isə Avropaya xüsusi yönəlmiş "senzuradan yayınma proqramı"nın mövcudluğunu təkzib edib. Bununla yanaşı vurğulanıb ki, "rəqəmsal azadlıq prioritetdir və bu, VPN kimi məxfilik və senzuranı aşma texnologiyalarının təşviqini də əhatə edir".

Söz azadlığı və Avropanın yanaşması

Prezident Donald Tramp administrasiyası söz azadlığının, xüsusilə də mühafizəkar mövqelərin müdafiəsini xarici siyasətin prioritet istiqamətlərindən biri kimi təqdim edir. Avropada isə yanaşma fərqlidir: ekstremist təbliğatın və antisemit çağırışların qarşısını almaq məqsədilə onlayn məzmunla bağlı qaydalar son illər sərtləşdirilib.

Məsələn, 2024-cü ildə Almaniya terrorizmi dəstəkləyən materiallara görə yüzlərlə silinmə göstərişi verib. ABŞ tərəfi isə hesab edir ki, bəzi hallarda bu mexanizmlər siyasi baxışlara görə selektiv tətbiq olunur.
Britaniyada 2023-cü il statistikası sosial şəbəkə paylaşımlarına görə minlərlə saxlanma faktının qeydə alındığını göstərir.

Saxlanmalar əsasən 2003-cü il Kommunikasiyalar Aktı və 1988-ci il Zərərli Mesajlar Aktı əsasında həyata keçirilir. Hazırda "freedom.gov" portalının nə vaxt tam fəaliyyətə başlayacağı açıqlanmayıb. Domen zonasının ".gov" olması isə layihənin rəsmi dövlət təşəbbüsü kimi nəzərdə tutulduğunu göstərir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər