Dünya
397
15:50, Bu gün

"Rusiyaya bağlı şəbəkə Dmitri Qordona qarşı sui-qəsd planlaşdırıb" - BBC

"Moldova və Ukraynanın birgə əməliyyatı ilə rezonans doğura biləcək qətllərin qarşısı alınıb..."

Moldova və Ukrayna hüquq-mühafizə orqanları birgə xüsusi əməliyyat keçirərək Ukraynada ictimai şəxslərə qarşı planlaşdırılan sui-qəsdlərin qarşısını alıb.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.

Birgə əməliyyat və saxlanılanlar

Ümumilikdə 10 şübhəli saxlanılıb. Ukrayna daxili işlər naziri İqor Klimenko bildirib ki, Rusiya xüsusi xidmət orqanları Ukrayna daxilində qorxu və panika yaratmaq, vəziyyəti destabilizasiya etmək məqsədilə bir sıra səs-küylü qətllər hazırlayıb.

İstintaqın versiyasına görə, icraçılar əsasən Moldova vətəndaşları arasından cəlb olunub, daha sonra Ukraynaya göndərilib. Onlar potensial hədəflərin yaşayış ünvanlarını, iş yerlərini, hərəkət marşrutlarını öyrənib, mümkün sui-qəsd ssenarilərini hazırlayıb və Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli kuratorun göstərişlərini gözləyiblər.

100 min dollara qədər "sifariş" və əsas hədəflər

Saxlanılanlar arasında qrupun ehtimal olunan təşkilatçısı da var, bu,  34 yaşlı Moldova vətəndaşıdır. Bildirilir ki, o, daha əvvəl Rusiyada cəza çəkib və orada ələ alına bilərdi. Moldovaya qayıtdıqdan sonra isə rusiyayönümlü qruplaşma ilə əlaqə saxlayıb.

Ukrayna baş prokuroru Ruslan Kravçenkonun sözlərinə görə, hər bir sifarişli qətl üçün icraçılara 100 min ABŞ dollarına qədər vəsait vəd olunub. Məbləğ potensial qurbanın tanınmışlıq və təsir imkanlarından asılı olub.

Rəsmi olaraq adı açıqlanan mümkün hədəflərdən biri hərbi kəşfiyyat nümayəndəsi Andrey Yusovdur. Hüquq-mühafizə orqanlarındakı mənbələrə görə, digər hədəflərdən biri də tanınmış jurnalist və bloqer Dmitri Qordon olub.

Qordonun reaksiyası və Moldova xətti

Qeyd olunur ki, Rusiyada Qordon qiyabi olaraq "xarici agent" və "ekstremist" elan edilib, 14 il həbs cəzasına məhkum olunub. O, "Telegram"da yazıb ki, bu, Rusiya xüsusi xidmət orqanları tərəfindən həyatına qarşı üçüncü cəhddir və "Putin dayanmaq niyyətində deyil".

Moldova Baş Polis İnspektorluğu da təsdiqləyib ki, ölkə ərazisində Ukraynadakı ictimai şəxslərin fiziki məhvi ilə bağlı əməliyyat hazırlanıb və bu plan Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə olunub. Beləliklə, söhbət təkcə kriminal şəbəkədən deyil, rəsmi Kiyevin qiymətləndirməsinə görə, dövlətlərarası təhlükəsizlik təhdidindən gedir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər