Dünya
286
21:15, Bu gün

"Qlobalizm legitimliyini itirib: dünya yeni mərhələyə keçir" - "The National Interest" (ABŞ)

"Tokayev Qazaxıstanın Avrasiyada təhlükəsizlik qovşağına çevrilməsini əsaslandırır..."

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yazır ki, qlobalizm vəd etdiyi ümumi rifahı təmin etməyib və nəticədə legitimliyini itirib.

Moderator.az xəbər verir ki, bu barədə o, ABŞ-ın "thenationalinterest.com" nəşrində yazıb.

Tokayevin fikrincə, dünya artıq ideoloji şüarlardan uzaqlaşaraq praqmatizmə, milli maraqlara və məsuliyyətə əsaslanan yeni mərhələyə daxil olur. O, bildirir ki, sabitlik bu gün ən nadir strateji resurslardan biridir. Münaqişələr artır, geosiyasi rəqabət kəskinləşir, beynəlxalq institutlar isə ziddiyyətlər səbəbindən iflic olur. 

Qlobalizm əvvəlcə qarşılıqlı bağlı və inklüziv dünya vəd etsə də, zamanla "məsuliyyətsiz inklüzivlik", "məhdudiyyətsiz azadlıq" və "mənəvi üstünlük" kimi prinsiplərlə reallıqdan uzaqlaşıb. Nəticədə yüz milyonlarla insanın gözündə etibarını itirib. Onun sözlərinə görə, yeni formalaşan yanaşma əməkdaşlığı inkar etmir, lakin onu qanunun aliliyi, öhdəliklərə sadiqlik və milli-mədəni özünəməxsusluğa hörmət üzərində qurmağı təklif edir.

Sülhə praqmatik yanaşma

Tokayev qeyd edir ki, münaqişələrin həllində sonsuz danışıqlar və formal bəyanatlar effektiv deyil. Bu baxımdan ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan və BMT tərəfindən dəstəklənən "Sülh Şurası"nı mühüm addım adlandırır. Onun fikrincə, bu təşəbbüs sülhə ideoloji şüar kimi deyil, iqtisadi inkişaf layihəsi kimi yanaşır - infrastruktur, investisiya və məşğulluq vasitəsilə sabitlik yaratmağı hədəfləyir.

Qazaxıstanın "Abraham Sazişləri"nə qoşulmasını isə strateji seçim kimi qiymətləndirən Tokayev bildirir ki, ölkəsi İsraillə münasibətləri inkişaf etdirməklə yanaşı, Fələstin xalqını və iki dövlətli həll modelini dəstəkləməyə davam edir.

Modernləşmə və etibarlı tərəfdaşlıq

Tokayev yazır ki, Qazaxıstan iqtisadi diversifikasiya, investisiya mühitinin yaxşılaşdırılması və qlobal bazarlara inteqrasiya istiqamətində mühüm addımlar atıb. ABŞ şirkətləri, xüsusilə enerji sahəsində əsas investorlar sırasındadır. Əməkdaşlıq strateji minerallar, rəqəmsal infrastruktur və innovasiyaları da əhatə edir.

Ölkə "Güclü prezident, nüfuzlu parlament və hesabatlı hökumət" prinsipinə əsaslanan siyasi islahatlar həyata keçirir və yeni Konstitusiya üzrə referendum keçirməyə hazırlaşır.

Tokayevin qənaətinə görə, müasir dünyada etibar ritorika ilə deyil, ardıcıl siyasət və məsuliyyətlə qazanılır. Qazaxıstan isə Avrasiyanın mərkəzində etibarlı təhlükəsizlik və əməkdaşlıq qovşağına çevrilməyi hədəfləyir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər