Dünya
317
19:10, Bu gün

"Trampın çevrəsi Rusiya ilə gizli sazişlərə başlayır" -  "The New York Times"

"Vaşinqtonda ritorika dəyişdikcə Moskva ilə biznes kanalları yenidən açılır..."

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra ABŞ və Qərb Moskva ilə iqtisadi əlaqələri demək olar ki, tam kəsmişdi. Lakin Donald Trampın Ağ Evə qayıdışından bir ildən çox vaxt keçdikdən sonra ton dəyişməyə başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə  "nyt.com" nəşri yazıb.

Nəşr yazır ki, ABŞ prezidenti Rusiyada "böyük imkanlar" gördüyünü bildirib və müharibə bitərsə, geniş sazişlərin mümkünlüyündən danışıb. Qəzetin məlumatına görə, Tramp ailəsi ilə əlaqəli texaslı investor Centri Biç Rusiya şirkətləri ilə əməkdaşlıq imkanlarını araşdırır. O, ötən payız Rusiyanın iri enerji şirkətlərindən biri - "Novatek" ilə Alyaskada təbii qazın işlənməsi barədə saziş imzaladığını açıqlayıb.

Layihə ilkin mərhələdədir və Murmansk vilayətində tikilən səyyar mayeləşdirilmiş qaz zavodundan istifadəni nəzərdə tutur. Model Arktika üçün tətbiq edilən sxemə bənzəyir - qaz mayeləşdirilir və buzqıranlarla daşınır. Bu addım, Vladimir Putinin Ukraynadakı işğalı dayandırmağa hazır olduğuna dair açıq siqnallar olmadığı və ABŞ sanksiyalarının qüvvədə qaldığı şəraitdə belə, Moskvanın Qərb iqtisadi sisteminə qayıdışı istiqamətində ilk real jest kimi qiymətləndirilir.

Amerika biznesi tərəddüd edir

2022-ci ildən sonra ABŞ-ın bir çox şirkəti Rusiya bazarını tərk etmişdi. Sanksiyalar və siyasi təzyiq bunu qaçılmaz edirdi. Tramp dövründə isə bu təzyiqlərin zəiflədiyi qeyd olunur. Bununla belə, Amerika korporativ dairələrinin əksəriyyəti siyasi qeyri-müəyyənlik və məhdud gəlir imkanlarına görə Rusiyaya qayıtmağa ehtiyatla yanaşır. Tibbi texnologiya, əczaçılıq və istehlak malları sahəsində isə maraq qalmaqdadır. 

Tramp vaxtaşırı Putindən narazılıq ifadə etsə də, Kremlin həm iqtisadi vədləri, həm də Ukrayna prezidenti Vladimir Zelenskinin sülhə mane olduğu barədə tezislərini səsləndirib. Putinin iqtisadi nümayəndəsi Kirill Dmitriyev amerikalı həmkarı Stiv Uitkoffa qazın Avropaya birgə satışı və Rusiya ilə Alyaska arasında sualtı tunel kimi layihələr təklif edib. "Ernst & Young"ın keçmiş rəhbərlərindən Pol Ostlinq isə bildirir ki, hazırda Rusiyada risklər yüksəkdir və yalnız güclü siyasi əlaqələri olanlar bu bazarda uğur qazana bilər.

12 trilyonluq təklif

Eyni zamanda "The Economist" nəşri yazır ki, Vladimir Putin ABŞ prezidenti Donald Trampa 12 trilyon dollarlıq razılaşma təklif edib. Məqsədin Vaşinqtonun Kiyevə təzyiq göstərməsi və sanksiyaların yumşaldılması olduğu bildirilir. Əvvəlki "sülh planı" təşəbbüsü isə bir çoxları tərəfindən Ukraynanı güzəştə məcbur etmə cəhdi kimi qiymətləndirilib.

İddialara görə, həmin razılaşma baş tutsaydı, Tramp 300 milyard dollarlıq qazanc əldə edə bilərdi.

Beləliklə, müharibə davam etdiyi bir vaxtda Vaşinqtonla Moskva arasında iqtisadi dialoqun yenidən canlanması Qərb birliyi və sanksiya siyasətinin gələcəyi ilə bağlı ciddi suallar doğurur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər