"Fevralın 18-də Avstraliyanın ən aparıcı qəzetlərindən biri olan "The Australian" özünün birinci səhifəsində "İranın sanksiyaya məruz qalmış hərbi liderinin qızına Avstraliyada yaşamaq hüququ verilib" başlıqlı geniş məqalə dərc edib. Söhbət Avstraliyada terrorçu təşkilat kimi tanınan İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) keçmiş baş komandanı, hazırda İran Ali rəhbərinin hərbi-strateji məsələlər üzrə müşaviri general Yəhya Rəhim Səfəvinin kiçik qızı Haniyə Səfəvidən gedir".
Bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
"Qəzetin yazdığına görə, İranın nüvə və ballistik raket proqramına bilavasitə aidiyyəti olan SEPAH generalının qızı 2024-cü ilin fevralında tələbə vizası ilə Avstraliyaya gedib və qısa zamanda, həmin ilin oktyabrında ona Avstraliyada daimi yaşamaq hüququ verilib. Məqalədə Haniyə Səfəvinin Melburn ətrafındakı evinin həyətində həyat yoldaşı Əli Qolçin ilə birgə şəkli də dərc olunub. Bildirilib ki, generalın qızı Avstraliyada psixoloq kimi rəsmi qeydiyyatdan keçib, ərinin adına isə veb-dizayn və onlayn satış xidmətləri göstərən şirkət mövcuddur.
Məqalədə Avstraliyadakı İran diasporunun SEPAH generalının qızına yaşayış izni verilməsindən narazı olduğu və narahatlıq keçirdiyi də qeyd olunub, Avstraliyada yaşayan iranlıların, o cümlədən Haniyə Səfəvinin qonşularının bununla bağlı fikirlərinə yer ayrılıb", - deyə materialda bildirilir.
"Məsələni xüsusilə həssas edən məqam budur ki, ötən ilin avqustunda 2024-cü ildə Avstraliyanın Sidney və Melburn şəhərlərində baş vermiş terror aktlarının arxasında SEPAH-ın dayandığı müəyyən olunub və buna cavab olaraq İranın Avstraliyadakı səfiri ölkədən çıxarılıb. Bu səbəbdən Avstraliya-İran münasibətləri gərgin olaraq qalır. Belə bir vəziyyətdə SEPAH generalının qızına ölkədə daimi yaşayış hüququnun verilməsinə etirazlar tamamilə təbiidir", - deyə materialda qeyd edilib.
Daha ətraflı videosüjetdə: